GizmoChina 2026-cı ilin ilk yarısının ən yaxşı smartfonlarını açıqlayıb
2026-cı ilin ilk yarısında fərqli kateqoriyalar üzrə seçilən smartfonlar açıqlanıb. Siyahıda kamera, mobil fotoçəkiliş, oyun, qatlanan modellər və qiymət-keyfiyyət nisbəti ilə seçilən cihazlar yer alıb.
Crossmedia.az xəbər verir ki, GizmoChina nəşrinin hazırladığı reytinqə əsasən, ilin ən yaxşı kameralı smartfonu OPPO Find X9 Ultra seçilib. Model dörd fokus məsafəsinə malik kamera sistemi və güclü teleobyektivləri ilə fərqlənsə də, 10 qat böyütmədə xromatik aberasiya və video sabitləşdirməsində müəyyən çatışmazlıqlar qeyd olunub.
Mobil fotoçəkiliş təcrübəsinə görə Huawei Pura 90s Pro Max lider olub. Smartfon süni intellekt əsaslı kadr quruluşu, parıltının aradan qaldırılması, ağıllı foto redaktəsi, 200 meqapiksellik telekamera və təkmilləşdirilmiş video imkanları ilə seçilib.
Ən yaxşı oyun smartfonu adına Redmi K90 Max layiq görülüb. Qurğu daxili soyutma sistemi, yüngül çəkisi, bütün oyunlarda kadr interpolasiyası dəstəyi və münasib qiyməti ilə qiymətləndirilib.
Qatlanan smartfonlar arasında Huawei Pura X Max birinci olub. Model qeyri-standart ekran nisbəti və Çin bazarında yüksək satış göstəriciləri ilə diqqət çəkib.
"Flaqman qatili" kateqoriyasında isə OnePlus 15T qalib seçilib. Smartfon Snapdragon 8 Elite Gen5 prosessoru, 165 Hz yenilənmə tezliyinə malik ekranı, 7500 mAh batareyası və simsiz enerji doldurma dəstəyi ilə fərqlənir. Bununla yanaşı, ultra genişbucaqlı kameranın olmaması və USB 2.0 portundan istifadə kompromis kimi göstərilib.
04:20 05.08.2026
Oxunuş sayı: 59