XV Qəbələ Beynəlxalq Musiqi Festivalı başa çatıb
Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və "Gilan"ın dəstəyi ilə təşkil edilən XV Qəbələ Beynəlxalq Musiqi Festivalı başa çatıb.
Crossmedia.az xəbər verir ki, builki festivalda Azərbaycanla yanaşı, Almaniya, Avstriya, Qazaxıstan, Niderland, Özbəkistan, Rusiya və Vyetnamdan olan musiqiçilər və rəqqaslar iştirak ediblər.
XV Qəbələ Beynəlxalq Musiqi Festivalına Əməkdar artist Fuad İbrahimovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti ilə yekun vurulub. Konsertdə Xalq artistləri Azər Zeynalov (tenor), Samir Cəfərov (tenor), Əməkdar artist Elnarə Məmmədova (soprano), həmçinin Lalə Mürşüdlü (soprano) ifa ediblər. Axşam Cahangir Cahangirovun "Qələbə uvertürası" ilə başlayıb. Daha sonra Üzeyir Hacıbəylinin "Koroğlu" operasından Koroğlunun ariyası, Asəf Zeynallının Cəfər Cabbarlının sözlərinə yazdığı "Ölkəm" romansı, Fikrət Əmirovun "Sevil" operasından Balaşın ariyası səsləndirilib. Konsertdə, həmçinin, dünya opera irsinin məşhur nümunələri də təqdim olunub.
2009-cu ildən təşkil olunan Qəbələ Beynəlxalq Musiqi Festivalı illərdir dünya musiqisinin müxtəlif simalarını bir məkanda toplayaraq beynəlxalq mədəni dialoqun əsas ünvanına çevrilib.
08:58 04.08.2026
Oxunuş sayı: 49