Zəlzələlərə qarşı hazırlıqlı olmalıyıq
Lerik rayonunda baş verən zəlzələ yenidən Azərbaycanda seysmik aktivlik məsələsini gündəmə gətirib. Son illər ölkənin müxtəlif bölgələrində qeydə alınan kiçik maqnitudalı zəlzələlər cəmiyyətdə narahatlıq yaratsa da, mütəxəssislər bunun Azərbaycanın yerləşdiyi geoloji quruluşla bağlı təbii proses olduğunu bildirirlər. Ekspertlərin fikrincə, ölkə Alp-Himalay seysmik qurşağının tərkib hissəsi olduğundan burada vaxtaşırı yeraltı təkanların baş verməsi gözləniləndir. Əsas məsələ bu cür təkanların özü deyil, mümkün güclü zəlzələlərə qarşı hazırlıqlı olmaqdır. Mütəxəssislər xüsusilə seysmik risk nəzərə alınmaqla tikinti normalarına ciddi əməl edilməsinin vacibliyini vurğulayırlar. Onların sözlərinə görə, müasir tikinti texnologiyalarının tətbiqi mümkün insan itkilərinin qarşısını almaqda əsas rol oynayır.
Mövzu ilə bağlı Crossmedia.az-a danışan seysmoloq Ənvər Əliyev bildirib ki, lənkəran rayonunda və digər bölgələrdə, o cümlədən Böyük Qafqaz və Kiçik Qafqaz ərazilərində vaxtaşırı yeraltı təkanlar və silkələnmələr baş verir. "Bu, son dövrün hadisəsi deyil. Azərbaycan dünyanın ən məşhur seysmik cəhətdən aktiv zonalarından biri olan Alp-Himalay qırışıqlıq qurşağının üzərində yerləşir. Buna görə də burada müxtəlif gücdə zəlzələlərin və xırda yeraltı təkanların baş verməsi təbii prosesdir. Vaxtilə 3 bala qədər olan təkanlar zəlzələ kimi qiymətləndirilmirdi. Bu gün də belə təkanlar əsasən seysmoloji stansiyalar tərəfindən qeydə alınır. İl ərzində Azərbaycanda minlərlə belə xırda yeraltı təkan baş verir. Əvvəllər əhali arasında təşviş yaranmaması üçün bu məlumatlar geniş ictimaiyyətə açıqlanmırdı. İndi isə seysmoloji stansiyaların fəaliyyəti barədə ictimaiyyətə daha operativ məlumat verilir. Azərbaycan elə bir geoloji zonada yerləşir ki, burada seysmik aktivlik qaçılmazdır. Təkcə ölkəmiz deyil, Fransanın şimalından Hindistana qədər uzanan Alp-Himalay qırışıqlıq qurşağında müxtəlif gücdə zəlzələlər baş verir. Bu, həmin coğrafiyanın təbii xüsusiyyətidir. Yaşadığımız ərazidə belə hadisələrin vaxtaşırı baş verməsi normal haldır".

Seysmoloq qeyd edib ki, yeraltı silkələnmələrin böyük hissəsini insanlar hiss etmir: "Onlar yalnız seysmoloji stansiyalar tərəfindən qeydə alınır. Əksər hallarda bu təkanlar 3 baldan aşağı və ya 3-3,5 bal gücündə olur. Ona görə də Azərbaycanda belə zəlzələlərin baş verməsi təəccüb doğurmamalıdır. Əsas məsələ bu risklərə qarşı hazırlıqlı olmaqdır. İlk növbədə tikinti texnologiyaları müasirləşdirilməlidir. İstər fərdi yaşayış evləri, istərsə də çoxmərtəbəli binalar seysmik tələblərə uyğun inşa olunmalıdır. Tikililər yerləşdiyi ərazinin seysmik xüsusiyyətlərinə uyğun şəkildə layihələndirilməlidir. Məqsəd mümkün zəlzələlər zamanı insan itkilərinin qarşısını almaqdır. Dünyada bunun uğurlu nümunələri var. Məsələn, Yaponiyada Azərbaycanda baş verən zəlzələlərdən qat-qat güclü zəlzələlər qeydə alınır. Buna baxmayaraq, müasir tikinti texnologiyaları sayəsində əksər hallarda insan tələfatı olmur. Biz də bu təcrübədən istifadə etməli, tikinti sahəsində təhlükəsizlik standartlarını daha da gücləndirməliyik ki, mümkün zəlzələlər zamanı insan həyatı qorunsun".
Zeynəb Həsən
19:00 03.08.2026
Oxunuş sayı: 53