Diaspor Gənclərinin VII Yay Düşərgəsinin iştirakçıları Diaspor Komitəsinin fəaliyyəti ilə tanış olub
Şərqi Zəngəzurda “Dirçələn şəhərlər” şüarı ilə keçirilən Diaspor Gənclərinin VII Yay Düşərgəsinin iştirakçıları Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin və komitənin tabeliyindəki Azərbaycan Diasporuna Dəstək Fondunun fəaliyyəti barədə məlumatlandırılıb.
Crossmedia.az xəbər verir ki, Komitənin sədr müavini Elşad Əliyev DİDK-nin yaranma tarixi, əsas fəaliyyət istiqamətləri və qarşıya qoyduğu strateji məqsədlər barədə danışıb. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu diaspor siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə ardıcıl və məqsədyönlü şəkildə uğurla davam etdirildiyini, diaspor quruculuğu sahəsində mühüm nailiyyətlər əldə olunduğunu diqqətə çatdırıb.
Müzakirələr zamanı komitənin dünya azərbaycanlılarının birlik və həmrəyliyinə hesablanan genişmiqyaslı layihə və proqramları gənclərin xüsusi marağına səbəb olub.
ADDF-nin icraçı direktoru Əkrəm Abdullayev qeyd edib ki, fond xaricdəki Azərbaycan icmalarının və diaspor təşkilatlarının layihələrini dəstəkləyir, təşkilatlara və fərdi şəxslərə sosial yardım göstərir.
Görüş gəncləri maraqlandıran sualların cavablandırılması ilə davam edib.
Məlumat üçün bildirək ki, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə avqustun 2-dən 8-dək davam edəcək Diaspor Gənclərinin VII Yay Düşərgəsində dünyanın 64 ölkəsindən 123 gənc iştirak edir. Bundan əvvəlki düşərgələr Şəki, Şamaxı, Şuşa, Naxçıvan, Laçın və Xankəndi şəhərlərində baş tutub, düşərgələrə 84 ölkədən ümumilikdə 700-dən çox gənc qatılıb.
16:13 03.08.2026
Oxunuş sayı: 51