Arıqlama iynələri dayandırıldıqda itirilən çəki geri qayıda bilər
Arıqlama iynələri iştahı azaldaraq sürətli və effektiv çəki itkisinə kömək etsə də, müalicə dayandırıldıqdan sonra itirilən çəkilərin yenidən qayıtması riski var.
Crossmedia.az CNN TÜRK-ə istinadən xəbər verir ki, mütəxəssislər qalıcı nəticənin yalnız dərman müalicəsi ilə deyil, sağlam qidalanma, fiziki aktivlik, keyfiyyətli yuxu və davranış dəyişikliyi ilə mümkün olduğunu bildirirlər.
Məlumata görə, bu preparatlar istifadə olunduğu müddətdə iştahı azaldır, toxluq hissini artırır və əhəmiyyətli çəki itkisi yaradır. Lakin müalicə dayandırıldıqda beynin iştahı tənzimləyən mexanizmləri yenidən əvvəlki vəziyyətinə qayıda bilər və bu da artıq çəkilərin geri qayıtmasına səbəb ola bilər.
Mütəxəssislər vurğulayırlar ki, bu vəziyyət preparatların təsirsiz olduğunu göstərmir. Onların sözlərinə görə, piylənmə artıq xroniki xəstəlik kimi qiymətləndirilir və bəzi hallarda uzunmüddətli müalicə tələb edə bilər.
Bununla yanaşı, həkimlər hesab edirlər ki, uzunmüddətli çəki nəzarəti üçün əsas amillər sağlam qidalanma vərdişləri, müntəzəm fiziki aktivlik, stressin idarə olunması, keyfiyyətli yuxu, bağırsaq mikrobiotasının balansı və əzələ kütləsinin artırılmasıdır. Onların fikrincə, dərmanlar bu prosesi asanlaşdıra bilər, lakin sağlam həyat tərzini əvəz etmir.
Mütəxəssislər qeyd edirlər ki, ən uğurlu müalicə üsulu insanı ömürboyu dərmandan asılı vəziyyətdə saxlamaq deyil, zamanla dərmana ehtiyacı azaltmağa kömək edən yanaşmadır.
07:20 04.08.2026
Oxunuş sayı: 49