Kosmosdan təhlükə gəlir – XƏBƏRDARLIQ
Günəşdə baş verən uzunmüddətli M1.9 sinifli alışma nəticəsində Yer istiqamətində tac kütlə atılması (CME) qeydə alınıb. Mütəxəssislər avqustun 2-də G1–G2 səviyyəli maqnit qasırğasının baş verəcəyini proqnozlaşdırırlar.
Crossmedia.az xəbər verir ki, "The Watchers" bu barədə məlumat yayıb.
Məlumata görə, hadisə iyulun 30-da Günəşin 4492 nömrəli aktiv bölgəsində baş verib. Alışma ilə eyni vaxtda Günəş səthində yerləşən filamentin püskürməsi müşahidə olunub və bu proses Yer istiqamətində qismən halo tipli tac kütlə atılması ilə müşayiət edilib.
ABŞ Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) Kosmik Hava Proqnoz Mərkəzi bildirir ki, həmin püskürmə nəticəsində S1 – zəif Günəş radiasiya fırtınası da qeydə alınıb. Proton axını əvvəlcə iyulun 30-u axşam saatlarında təhlükəli həddi keçib, daha sonra azalsa da, iyulun 31-də yenidən yüksəlib.
ESA və NASA-nın SOHO kosmik observatoriyasının LASCO C2/C3 koronoqrafları qismən halo tipli CME-ni qeydə alıb. STEREO COR2 müşahidələri isə tam halo strukturunu göstərib.
WSA-Enlil modeli tac kütlə atılmasının Yerə avqustun 2-si səhər saatlarında çatacağını göstərir. NOAA həmin vaxt G1–G2 (zəif–orta) səviyyəli geomaqnit qasırğasının baş verməsini gözləyir.
Mütəxəssislər bildirirlər ki, belə geomaqnit qasırğaları yüksək enliklərdə rabitə sistemlərinə, peyk naviqasiyasına və elektrik şəbəkələrinə məhdud təsir göstərə, həmçinin qütb parıltılarının daha cənub enliklərində müşahidə olunmasına şərait yarada bilər.
17:20 02.08.2026
Oxunuş sayı: 63