PUA-ların hüquqi tənzimləməsini həyata keçiriləcək
Azərbaycanda ali təhsildən sonrakı elmi hazırlıq sisteminin-doktoranturanın müasir qlobal çağırışlara uyğun çevikləşdirilməsi sadəcə akademik struktur dəyişikliyi deyil, birbaşa dövlətin strateji təhlükəsizlik və inkişaf arxitekturasının təminatıdır. Doktorantura ixtisaslarının təsnifatına əlavə edilmiş "Ədalət mühakiməsi hüququ", "Hava hüququ və hava məkanının təhlükəsizliyi" və "Mədəniyyət hüququ" kimi üç yeni istiqamət Azərbaycanın elmi-hüquqi doktrinasında kəmiyyətdən keyfiyyətə keçidin bariz nümunəsidir.
Bu addım milli elmi kadr potensialının sofistikasiya olunmuş müasir hüquq sahələrinə inteqrasiyasını sürətləndirməklə yanaşı, nəzəriyyə ilə praktikanın sintezini təmin edir. Məsələ ilə bağlı təhsil eksperti İlqar Orucov Crossmedia.az-a açıqlama verib:

"Azərbaycanda doktorantura ixtisaslarının təsnifatına üç yeni istiqamətin əlavə edilməsi ölkənin hüquq sisteminin müasirləşdirilməsi və qlobal çağırışlara uyğunlaşdırılması istiqamətində, düşünürəm ki, çox vacib addımlardan biridir.
Ümumilikdə, yeni ixtisaslar üzrə həm yüksək elmi dərəcəsi olan, həm də praktiki kadrların hazırlanması baxımından hər bir ixtisasın verəcəyi spesifik töhfələr var.
İlk öncə, ədalət mühakiməsi hüququ ilə bağlı fikirlərimi ifadə etmək istəyirəm. Məhkəmə-hüquq islahatlarının dərinləşdiyi bir dövrdə bu ixtisas kadr hazırlığına bir neçə istiqamətdə töhfə verəcək:
Birincisi, məhkəmə sisteminin elmi əsaslandırılması baxımından faydaları böyükdür. Hakimlər, prokurorlar və vəkillər üçün ədalət mühakiməsinin nəzəri və praktiki problemlərini dərindən bilən, akademik tədqiqatlar aparan yeni nəsil hüquqşünas alimlər formalaşacaq.
İkincisi, beynəlxalq standartların inteqrasiyası, xüsusilə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun daxili məhkəmə təcrübəsində düzgün tətbiqi sahəsindəki mütəxəssis qıtlığı aradan qaldırılacaq.
Həmçinin məhkəmə idarəçiliyinin rəqəmsallaşması çox vacibdir. Ümumilikdə, rəqəmsallaşma və qlobal həllər hüquq sistemində yeni tədqiqatlara önəm verilməsini şartləndirir. Elektron məhkəmə sisteminin effektivliyini və hüquqi aspektlərini araşdıran, rəqəmsal ədalət mühakiməsi sahəsində tədqiqatlar aparan elmi kadrlar formalaşacaq.
Həmçinin 'Hava hüququ və hava məkanının təhlükəsizliyi' ixtisası aerokosmik sənayenin inkişafı və mülki aviasiyanın genişlənməsi fonunda kifayət qədər aktualdır və böyük önem daşıyır. Bu sahə Azərbaycanın hava məkanının suverenliyi, təhlükəsizlik proqramları və beynəlxalq aviasiya hüququ üzrə milli ekspert bazasını formalaşdıracaq, hüquqi təhlükəsizliyi təmin edəcəkdir.
PUA (pilotsuz uçuş aparatları) texnologiyalarının sürətli inkişafı fonunda hava məkanının idarə edilməsi və təhlükəsizliklə bağlı yaranan hüquqi boşluqları dolduracaq mütəxəssislər hazırlanacaq ki, onlar da dronların və PUA-ların hüquqi tənzimləməsini həyata keçirəcəklər. Məsələn, yük və sərnişin daşımalarında yerli aviasiya şirkətlərinin hüquqlarını qlobal miqyasda qoruyacaq hüquqşünas alimlər yetişəcəkdir".
Ekspertin sözlərinə görə, bununla yanaşı, müəllif hüquqları və ya sənaye mülkiyyəti üzrə tədqiqatlar aparacaq hüquqşünaslar formalaşacaq ki, bu da, həmin ixtisası zəruri edir:
"Həmçinin beynəlxalq arenada ölkəmizin mədəniyyət siyasətini hüquqi cəhətdən savadlı şəkildə təmsil və müdafiə edəcək ekspertlər formalaşacaq ki, onlar da mədəni diplomatiyaya öz töhfələrini verəcəklər.
Bu ixtisasların təsnifata daxil edilməsi, hesab edirəm ki, Azərbaycan elminin tətbiqi xarakterini artıracaq. Ali təhsil müəssisələri və dövlət qurumları üçün sadəcə nəzəriyyəçi deyil, dövlətin daxili və xarici siyasətində, birbaşa qərarqəbuletmə prosesində təsir göstərə biləcək strateq-analitiklər, peşəkar hüquqşünaslar yetişəcəkdir. Onlar akademik tədqiqatları ilə bu sahənin zənginləşməsində öz rolu oynayacaqlar.
Ümumiyyətlə, təhsilin bütün pillələrində olduğu kimi, doktorantura pilləsində də zaman-zaman yeniliklərə ehtiyac var və hesab edirəm ki, məhz bu yeni ixtisasların yaradılması həmin yeniliklərin tərkib hissəsidir. Əlbəttə ki, Azərbaycan dövlətinin hüquq sahəsində yeni nəsil tədqiqatçılara olan tələbatı məhz bu ixtisaslar vasitəsilə təmin olunacaqdır".
Turqut Ansari
21:00 31.07.2026
Oxunuş sayı: 48