Rəqəmsallaşma ilə yanaşı, kibertəhlükəsizlik də gücləndirilməlidir – İT eksperti
Azərbaycanda dövlət və özəl sektorda rəqəmsallaşma sürətlə genişlənir. Bank xidmətlərindən dövlət qurumlarına müraciətlərə, səhiyyə və təhsil xidmətlərindən gündəlik ödənişlərə qədər bir çox əməliyyat artıq elektron platformalar üzərindən həyata keçirilir. Bu proses vətəndaşlar üçün rahatlıq yaratsa da, şəxsi məlumatların qorunması və kibertəhlükəsizlik məsələlərini daha da aktuallaşdırır. Mövzu ilə bağlı Crossmedia.az-a danışan İnformasiya Texnologiyaları eksperti Elvin Abbasov bildirib ki, ölkəmizdə dövlət və özəl sektorun sürətli rəqəmsallaşması gündəlik xidmətlərə çıxışı kəskin asanlaşdırsa da, bu inteqrasiya şəxsi məlumatların təhlükəsizliyi baxımından yeni risk müstəvisi yaradır: "Elektron xidmətlərdən istifadə zamanı vətəndaşların üzləşdiyi əsas təhdidlər sırasında fişinq (Red: saxta keçidlər vasitəsilə məlumatların mənimsənilməsi), sosial mühəndislik, zəif parollardan istifadə nəticəsində hesabların ələ keçirilməsi və dövlət-özəl platformalarına edilən kiberhücumlar nəticəsində baş verən məlumat sızmaları ön sırada gəlir. Xüsusən eyni paroldan bir neçə xidmətdə istifadə olunması və birfəaliyyətli təsdiq kodlarının (OTP) kənar şəxslərə ötürülməsi, fərdi məlumatların kütləvi şəkildə kiberdələduzların əlinə keçməsinə zəmin yaradır.

Bu risklərin minimuma endirilməsi həm xidmət təminatçısı olan qurumların, həm də istifadəçilərin üzərinə bərabər məsuliyyət qoyur. Dövlət və özəl təşkilatlar infrastruktur səviyyəsində "Zero Trust" (Sıfır Eyniləşdirmə) prinsipini tətbiq etməli, məlumatların şifrələnməsini təmin etməli və ikiaddımlı doğrulama (2FA) sistemini məcburi standart halına gətirməlidirlər. İstifadəçilər isə öz növbəsində rəqəmsal gigiyena qaydalarına riayət etməli, tətbiqlərdə güclü və unikallığı olan parollar təyin etməli, daxil olduqları veb-saytların domen adlarını diqqətlə yoxlamalı və telefonlarına gələn təsdiq kodlarını heç bir halda üçüncü şəxslərlə paylaşmamalıdırlar".
Zeynəb Həsən
14:00 31.07.2026
Oxunuş sayı: 47