Avqustda bizi nə gözləyir?
Avqust ayının enerjisi ilə bağlı karmik numerologiyada maraqlı proqnozlar səsləndirilir. Bu yanaşmaya görə, ay ədalət, məsuliyyət, karma və balansı simvolizə edən 8-ci arkanın təsiri altında keçəcək. Mütəxəssislər hesab edirlər ki, bu dövrdə qəbul edilən qərarlar, atılan addımlar və insan münasibətlərində tarazlığın qorunması xüsusilə önəm daşıyacaq.

Ruhsal yaşam kouçu, karmik numeroloq Yeganə Cəbrayılqızı Crossmedia.az-a açıqlamasında bildirib ki, karmik numerologiyaya görə avqust ayı 8-ci arkanın enerjisini daşıyır və bu enerji ədalət, məsuliyyət, karma və balans anlayışları ilə əlaqələndirilir:
"Karmik numerologiyaya əsasən 8-ci arkan hakim enerjisidir. Bu enerji qanun, ədalət, məsuliyyət, karma və balansı simvolizə edir. Avqust ayı insan həyatında səbəb-nəticə əlaqələrinin daha aydın görünməsinə şərait yaradır. Bu dövrü 'nə əkirsənsə, onu biçirsən' prinsipi ilə xarakterizə etmək olar".
Ekspert qeyd edib ki, bu ayın əsas mesajı həyatın bütün sahələrində tarazlığı qorumaqdır:
"İş, şəxsi həyat, məntiq və emosiyalar, eləcə də vermək və almaq arasında balans yaradılmalıdır. Tarazlıq pozulduqda gərginliklər, anlaşılmazlıqlar və gecikmələr yarana bilər".
Y.Cəbrayılqızı vurğulayıb ki, avqust ayında insanlar emosiyalardan daha çox məntiqə əsaslanmağa meyilli olacaqlar:
"Psixoloji baxımdan bu ay rasional düşüncə ön plana çıxacaq. Qərarlar qəbul edilərkən emosiyalardan çox faktlara və obyektivliyə üstünlük veriləcək. Xüsusilə avqust ayında və ayın 8-i doğulan şəxslərdə analitik düşüncə daha qabarıq hiss oluna bilər. Maliyyə, karyera və hüquqi məsələlərdə diqqətli olmaq tövsiyə edilir. Müqavilələr, sənədləşmə, maliyyə qərarları və karyera ilə bağlı addımlar avqust ayında xüsusi önəm daşıyacaq. Xüsusilə ayın 8-i, 30-u doğulanlar və doğum xəritəsində 8 rəqəmi olan şəxslər bu dövrdə daha diqqətli olmalı, həyatın onlara verdiyi dərsləri düzgün qiymətləndirməlidirlər”.
Y.Cəbrayılqızı əlavə edib ki, 8-ci arkanın müsbət tərəfləri ilə yanaşı, diqqət tələb edən məqamları da var:
"Bu enerji dürüstlük, məsuliyyət və intizam hissini gücləndirir. Ədalətli davranan və karma qanunlarını düzgün anlayan insanlar üçün avqust ayı yeni imkanlar yarada bilər. Lakin həddindən artıq tənqidçilik, özünü həmişə haqlı hesab etmək, günahkarlıq hissi və başqalarını mühakimə etmək bu enerjinin kölgə tərəfləridir. Buna görə də bu ay başqalarını qınamaqdan, sərt ifadələr işlətməkdən çəkinmək və daxili balansı qorumağa çalışmaq vacibdir".
Nigar Xəlilli
17:00 30.07.2026
Oxunuş sayı: 36