Yumurta indi də "od qiymətinə" oldu: Səbəblər sadalandı
Yumurta qiymətlərində artım müşahidə olunur. Belə ki, marketlərdə yumurtanın qiyməti təxminən 13–17 qəpik arasında dəyişir. Bəzi marketlərdə isə “kənd yumurtası” adı ilə satılan məhsullar 36–38 qəpiyə, ağ yumurtalar isə 28 qəpiyə təklif olunur. Yaxın vaxtlarda qiymətlər 1–2 qəpiyə ensə də, hazırkı artım yumurta bazarında bahalaşma tendensiyasını gündəmə gətirib.

Məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli Crossmedia.az -a açıqlamasında bildirib ki, 1-2 qəpiyə olan yumurta anomaliya idi:
“2005-ci illərdə də 1–2 qəpiyə yumurta yox idi, 5–6 qəpik idi. Bu, hansısa aksiya, yaxud əlində qalmış, xarab olmaq üzrə olan məhsulun satılması ilə bağlı fors-major hal idi. Yəni 1–2 qəpiyə yumurta son 25 ildə olmayıb. Onu yaddan çıxarmaq lazımdır. Sizin dediyiniz 28–38 qəpiklik qiymətlərə gəlincə, mən də dünən yumurta almışam, 17 qəpiyə. Davamlı da alıram, iki gündən bir 17 qəpikdir. Düzdür, arada 13–15 qəpik olduğu dövrlər də olub, amma indi 17 qəpik standart qiymətdir. Kənd yumurtasını isə istənilən qiymətə sata bilərlər. Biz əsas bazardan danışırıq. Kənd yumurtası ümumi yumurta təklifinin heç 5 faizini də təşkil etmir. Bazardakı qiymətləri əsasən broyler yumurtasının qiyməti müəyyənləşdirir. Məsələn, ağ yumurta qablaşdırılmış şəkildə satılanda 26–28 qəpiyə təklif olunur. Siz də bunu düzgün qeyd edirsiniz. Amma həmin yumurta qablaşdırılmadan, adi yeşiklərdə satılanda 17 qəpikdir. Yəni oradakı təxminən 10 qəpik fərq qablaşdırmanın qiymətidir, yumurtanın yox. Biz yumurtanın öz qiymətindən danışmalıyıq. Kənd yumurtası bazardakı ümumi qiymətləri müəyyənləşdirən amil deyil. Onun öz spesifik alıcısı var. Vətəndaş hesab edir ki, təbii yemlə bəslənmiş toyuğun yumurtasıdır, daha keyfiyyətlidir, premium məhsuldur. Amma bazarın cəmi 3–5 faizini təmin edir. Əsas bazara çıxarılan məhsul broyler yumurtasıdır və qiyməti də məhz o müəyyənləşdirir. Çünki bazarın əsas hissəsini həmin məhsul təşkil edir.
İqtisadçı vurğulayıb ki, qiymətdə artım var:
“Yumurtanın qiyməti 13–15 qəpikdən 17 qəpiyə qalxıb. Qiymət artımı müşahidə olunur və bunun səbəbləri var. Əslində, keçən ilki qiymətlərin təkrar olunacağını gözləmirəm. Məsələn, keçən il orta aylıq əməkhaqqı təxminən 9 faiz artdı. Bu da broyler istehsalçılarının əmək xərclərini artırdı. Bu ilin ilk altı ayına baxmışam, əməkhaqqı daha 6,5 faiz yüksəlib. Göründüyü kimi, iki il ərzində işçilik xərcləri ciddi şəkildə artıb. Digər mühüm məsələ yanacaq qiymətləridir. 2024-cü ildə dizel yanacağının litri 80 qəpik idi, Aİ-92 markalı benzin isə 1 manat idi. 2024-cü ilin iyulunda dizelin qiyməti 1 manata, benzinin qiyməti isə 1 manat 10 qəpiyə qaldırıldı. 2025-ci ilin dekabrında dizel 1 manat 10 qəpik, benzin isə 1 manat 15 qəpik oldu. Bunu ona görə deyirəm ki, yumurtanın özü 13–17 qəpik arasında satılır, topdansatış qiyməti isə bundan da aşağıdır. Amma burada daşıma xərci mühüm rol oynayır. Yumurta ucuz məhsuldur, lakin avtomobildə çox yer tutur. Məsələn, rayondan məhsul gətirən avtomobil üçün 300–500 manat daşınma xərci yaranırsa, bu, məhsulun maya dəyərinə ciddi təsir edir. Daşıma xərci burada vacib amildir. Bundan başqa, istehsal xərcləri də artır. Enerji qiymətləri yüksəlir. Broyler təsərrüfatlarında istilik, işıq və digər enerji resurslarından geniş istifadə olunur. Bütün bunlar sahibkarın xərclərini artırır. Ona görə də hesab edirəm ki, keçən ildən daha ucuz yumurta görməyəcəyik. Pulun alıcılıq qabiliyyəti azalır. İnflyasiya da bunu göstərir. Keçən il inflyasiya 5,6 faiz idi, bu il də təxminən 5,7 faizdir. Ondan əvvəl isə 10 faiz olmuşdu. Ərzaq məhsullarında bahalaşma isə daha yüksəkdir – 6–7 faiz civarında.
X.Kərimli qeyd edib ki, qiymətlər keçən illə müqayisədə yüksək olacaq: "Müəyyən dövrlərdə, həftələrdə və ya aylarda qiymətlərdə cüzi enmə və ya artım müşahidə oluna bilər. Bu, bazara çıxarılan məhsulun həcmi ilə əlaqəlidir. Məhsul çox olduqda qiymət bir qədər aşağı düşür, az olduqda isə bahalaşır".
Məhəbbət Tərlanoğlu
13:40 30.07.2026
Oxunuş sayı: 47