Azadlığın bəşəri və fərdi sərhədləri: özünüdərkdən həqiqətə doğru
Vaqif Səmədoğlu müsahibələrindən birində özü-özünə sual edir: “Şeir nədir? Gərək şeir gəlib boğaza dirənsin ki, yazasan. Necə ki, göz yaşı gözə dirənir”. Düşünürəm, ürəkdən gələn hər bir yazı da məhz bu cür yaranır. Cümlələr qələmdən axmaq üçün daxildə mübarizə aparır, insanı yazmağa məcbur edir, fikirlər ağlı qarışdırır. Necə ki, hazırda qələm əlimdə bu sətirləri yazır... Çoxdandır məni düşündürən, haqqında araşdırma aparmağa çalışdığım bir mövzu ətrafında qeyd etmək istədiyim mühüm nüanslar var: Bəşəriyyət yaranandan bəri insanlığı düşündürən, uğrunda mübarizələr və müharibələr aparılan, ətrafında filosofların birləşdiyi, bu gün də mövcudluğu fərqli suallar doğuran “azadlıq” haqqında.
“Azadlıq” izahlı lüğətdə bu cür təsvir olunur: “Əsasən müxtəlif hallar (proseslər/hadisələr) arasında heç bir təzyiq olmadan fərdi seçim imkanı. Ümumi şəkildə qərar qəbul edən subyektin vəziyyətini göstərir”. Gözəl tərifdir: Fərdi seçim imkanı! Buradakı “fərd”in formalaşması və müəyyən seçim imkanlarına malik olması doğrudan da azadlıqla birbaşa bağlıdır. Lakin azadlıq bir çox insan tərəfindən fərqli cür yozulur və şərh olunur. Hər kəs azadlığı bir başqa yerdə axtarır: kimi cinsi azadlıqda, kimi maddiyyatda, kimi söz və ifadə sərbəstliyində... Bunların hamısı azadlığın predmetləridir, şübhəsiz ki, belədir. Lakin azadlıq insana həyatının sadəcə bir məqamında daha çox lazım olur: Öz fərdiyyətini, öz şəxsi “mən”ini formalaşdırdığı zaman.
Fərdiyyətin yaranması və həqiqətə tapınma
Azadlıq nə üçün bu qədər vacibdir? S.Xəlilov qeyd edir ki, azad olmayan insan özü olmur, öz həyatını yaşamır: “Daim qəliblərə uyğunlaşır, çərçivələrlə məhdudlaşdırılır. Azadlıq “öz”ün reallaşması üçündür. “Öz” isə özündə həm milli, həm də ümumbəşəri dəyərləri ehtiva edir”. Yəni azadlıq insana gözünü açdığı andan lazımdır. Çünki insan yalnız azad mühitdə öz potensiaını, milli və bəşəri kimliyini kəşf edib reallaşdıra bilər.
İnsan həyatının növbəti mərhələlərində azadlıq həqiqətə tapınmaq, ona sadiq qala bilmək üçündür — doğruları deyə bilmək və doğrularla yaşamaq üçün. Doğrularla yaşaya bilməyin çətinliyi, ən az doğruları deyə bilmək çətinliyi ilə bərabər səviyyədədir. İnsan doğrularla yaşamağa alışmayan cəmiyyətdə nə doğrunu deyə bilər, nə də onu yaşada bilər. Çünki belə cəmiyyətlərdə həqiqət tez-tez mühafizəkar qəliblərin, rahatlıq zonalarının və kollektiv təzyiqlərin qurbanına çevrilir.
Məsuliyyətsiz azadlığın təhlükəsi və özünüdərk
Azadlıq bəzən təhlükəli də ola bilir. Məsələn, hələ tam bərkiməmiş, öz yolunu seçə bilməyən, ayaq üstə möhkəm dura bilməyən insanlara azadlıq verib “Allah ümidinə” buraxmaq qeyri-əxlaqi addımdır. Azadlıq şüursuz şəkildə verildikdə xaos və özünütəfrik yaratmağa qadirdir. İnsanın körpəlikdən göz açıb gördüyü azadlıq ona yollar təklif edir; insan da seçdiyi yolla formalaşır, öz “mən”ini yaradır. Bu “mən” də yaşadığı vücudu daim doğruluğa yönəlməyə məcbur edir. İnsan belə yaranır.
Azadlıq istəniləndə verilməyən, paylanmayan bir anlayışdır. İnsan azadlığa cismən və ruhən hazır olduqda, o zatən insana gəlir. Azadlıq insanın içində, özü ilə apardığı daxili mübarizədə gizlidir. Bunun üçün insan sadəcə özünü tanımağı, fərqinə varmağı bacarmalıdır. Sokrat qeyd edirdi ki, insan özünü tanımasa, bildiklərindən heç bir fayda gəlməz. Məhz bu səbəbdən o, insanlara daim suallar verirdi. Çünki düşündürmək istəyir, insanların öz daxili “mən”lərinin fərqinə varmaqlarını arzulayırdı. İnsan özü üçün düşünməlidir. Özü üçün düşünən insan gün sonunda özünü də tapacaq — sorğulayaraq tapacaq.
İnam və iradə azadlığı
Sadalanan nüanslardan əlavə, bir də dinlərin insanlara tanıdığı azadlıq var. Dinlər eşq mərkəzli inanc sistemləridir. Və eşq mərkəzli olduqlarına görə burada seçimə zorlamaq yoxdur. İnsan şəxsi iradəsi ilə, sorğulayıb anlayaraq seçim etməlidir. Bu cür olmasa, onsuz da onun imanının da bir faydası olmur. Axı insan göz açdığı ailənin qayda və qanunlarını kor-koranə qəbul edə bilməz. Yəhudi ailəsində doğulmuş və araşdıraraq, anlayaraq İslamı qəbul edən müsəlmanla, ailəsi müsəlmandır deyə kor-koranə müsəlman olan şəxs arasında ciddi, fəlsəfi bir fərq var. Biri seçilmiş, idrak olunmuş azadlığın, digəri isə təsadüfi mühitin məhsuludur.
Bütün bu təhlillərdən aydın olur ki, azadlıq xarici mühitin insana lütf etdiyi məhdudiyyətsizlik, yaxud sadəcə istədiyini etmək səlahiyyəti deyildir. Azadlıq, ilk növbədə, daxili şüur halı və məsuliyyətdir.
Şüursuz azadlıq insana xilas yox, həlak gətirə bilər. Tam formalaşmamış ruhların azadlıqla sınağa çəkilməsi onları yolsuzluğa sövq edir. Həqiqi azadlıq yalnız insanın öz "mən"ini tanıması, şəxsi seçiminin məsuliyyətini daşıya bilməsi ilə mənalanır.
Kor-koranə qəbul edilmiş hər bir dəyər — istər cəmiyyət norması, istərsə də dini inanc olsun — azadlıqdan uzaqdır. Sokratın dediyi kimi, sorğulanmayan həyat yaşamağa dəyməz. Dinlərdə də şüurlu iradənin, dərk edilmiş eşqin tələb olunması göstərir ki, Yaradan insanı kor təqlidçi kimi deyil, azad iradəli subyekt kimi görmək istəyir.
Azadlıq insanın daxilindəki həqiqətə çatması üçün bir körpüdür. Qəlibləri qıran, öz daxili mübarizəsində özünü tapan insan doğrularla yaşamaq cəsarətini tapır.
Yekun olaraq, azadlıq kənardan axtarılan bir predmeti tapan zaman deyil; insanın öz daxilindəki "mən"i sorğulayıb tapdığı, öz həqiqətinə sahib çıxdığı və bu doğruların cavabdehliyini öz üzərinə götürdüyü an başlayır.
Ayhan
13:15 30.07.2026
Oxunuş sayı: 54