ABŞ Avropadan geri çəkilir, yoxsa yeni plan qurur? – Detallar üzə çıxdı
ABŞ-nin Avropadakı hərbi mövcudluğunu yenidən nəzərdən keçirməsi və NATO daxilində yeni məsuliyyət bölgüsü formalaşdırmaq planı beynəlxalq təhlükəsizlik gündəminin əsas mövzularından birinə çevrilib. Bu strategiyanın NATO-nun gələcəyinə, Avropanın təhlükəsizlik arxitekturasına və alyansın gələcək fəaliyyət modelinə necə təsir göstərəcəyi beynəlxalq səviyyədə geniş müzakirə olunur.
Mövzu ilə bağlı politoloq Turab Rzayev Crossmedia.az-a açıqlamasında bildirib ki, ABŞ Avropadakı rolunu azaltmağa çalışmır.

Onun sözlərinə görə, Vaşinqton sadəcə Avropadakı müttəfiqlərinin daha çox məsuliyyət altına girməsini istəyir:
"ABŞ istəyir ki, Avropadakı müttəfiqlər sırf ABŞ-nin təhlükəsizlik zəmanətinə əsaslanıb bütün büdcələrini iqtisadiyyata yönəltməsinlər, onlar da silahlanmaya pul ayırsınlar. Məsələn, dəfələrlə büdcənin 2 faizə qaldırılması tələb olunmuşdu, daha sonra isə bunun 4-5 faizə qaldırılması müzakirə edildi. ABŞ onları müdafiə xərclərini artırmağa məcbur edir. Buna razı olmayan ölkələr də var idi, amma indi bəziləri məcburi şəkildə müdafiə büdcəsini 4-5 faizə qədər artırmalı olublar".
Politoloqun fikrincə, bu proses Avropanın öz təhlükəsizliyini daha çox təmin etməsinə və hərbi sənayesinin inkişafına təkan verəcək:
"Avropanın öz təhlükəsizliyini öz üzərinə götürməsi həm də onun silah sənayesinin inkişafına təkan verəcək. Eyni zamanda Avropanın ABŞ-dən daha çox silah almasına səbəb olacaq ki, bu da ABŞ-nin hərbi-sənaye kompleksinin maraqlarına uyğundur. ABŞ Avropa ilə Rusiya arasında birbaşa müharibədə görünmək istəmir. Necə ki, Uzaq Şərqdə konflikti daha çox Yaponiya, Koreya, Tayvan və Çin arasında saxlamağa çalışır, Avropadakı qarşıdurmanı da Almaniya, Böyük Britaniya ilə Rusiya arasında saxlamaq, özü isə daha çox kənarda qalmaq və arbitr rolunda çıxış etmək istəyir. Məhz buna görə də Avropanın silahlanmasında maraqlıdır".
T.Rzayev qeyd edib ki, uzunmüddətli perspektivdə Avropanın hərbi imkanlarının artması onun daha müstəqil siyasət yürütməsinə şərait yarada bilər. Bununla yanaşı, bu prosesin iqtisadi nəticələri də olacaq:
"Əlbəttə ki, gələcəkdə Avropa ölkələrinin hərbi imkanlarını həddindən artıq genişləndirməsi, hərbi istehsalını və hərbi büdcəsini artırması onlara daha müstəqil siyasət yürütmək imkanı yarada bilər. Amma nəzərə alsaq ki, Avropanın resurslarının hərbi xərclərə yönəldilməsi onun iqtisadiyyatına ciddi zərbə vurur, onsuz da Rusiya ilə iqtisadi əlaqələrin kəsilməsindən sonra Almaniya və ümumilikdə Avropa iqtisadiyyatı ağır vəziyyətdədir. Bir neçə yüz milyard vəsaitin iqtisadiyyatdan çıxarılıb silahlanmaya yönəldilməsi Avropa iqtisadiyyatını daha da çətin vəziyyətə salacaq".
Zərnigar Hüseynli
21:00 29.07.2026
Oxunuş sayı: 46