Hüseyn İbrahimov: Vətəndaş cəmiyyəti institutlarına göstərilən diqqət və qayğı öz bəhrəsini verir
Sosial Mədəni Dəyişikliklərin Öyrənilməsi İctimai Birliyinin sədri Hüseyn İbrahimov Azərbaycan vətəndaş cəmiyyəti institutlarının inkişafı və onların beynəlxalq müstəvidə artan rolu ilə bağlı Crossmedia.az-a açıqlama verib.
Hüseyn İbrahimov bildirib ki, son illər Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinin genişləndirilməsi, onların təşəbbüslərinin dəstəklənməsi və ictimai iştirakçılığın gücləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Onun sözlərinə görə, dövlət tərəfindən qeyri-hökumət təşkilatlarına göstərilən diqqət və qayğı bu sahənin inkişafına mühüm töhfə verib və artıq bunun real nəticələri özünü aydın şəkildə göstərir.
İctimai Birliyin sədri qeyd edib ki, bu gün Azərbaycan vətəndaş cəmiyyəti institutları beynəlxalq platformalarda ölkəmizin milli maraqlarını, həqiqətlərini və dövlətimizin mövqeyini yüksək peşəkarlıqla təmsil edirlər. O vurğulayıb ki, müxtəlif beynəlxalq forumlarda, konfranslarda və əməkdaşlıq platformalarında qeyri-hökumət təşkilatlarının fəal iştirakı Azərbaycanın beynəlxalq nüfuzunun daha da möhkəmlənməsinə xidmət edir.
Hüseyn İbrahimovun sözlərinə görə, vətəndaş cəmiyyəti institutlarının xarici tərəfdaşlarla əlaqələrinin genişlənməsi, beynəlxalq layihələrdə fəal iştirakı və qlobal çağırışlarla bağlı təşəbbüsləri Azərbaycanın səsinin beynəlxalq ictimaiyyətə daha dolğun şəkildə çatdırılmasına imkan yaradır. Xüsusilə, postmünaqişə dövründə ölkəmizin əldə etdiyi uğurların, bərpa-quruculuq işlərinin və regionda sülh gündəliyinin beynəlxalq ictimaiyyətə çatdırılmasında vətəndaş cəmiyyəti institutlarının rolu getdikcə artır.
Sədr bildirib ki, vətəndaş cəmiyyətinin gücləndirilməsi demokratik inkişafın mühüm elementlərindən biridir və dövlətlə vətəndaş cəmiyyəti arasında qurulan sağlam əməkdaşlıq modeli Azərbaycanın davamlı inkişafına mühüm töhfə verir.
Sonda Hüseyn İbrahimov vurğulayıb ki, gələcəkdə də vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinin daha da genişlənəcəyinə, onların beynəlxalq müstəvidə ölkəmizin maraq və mənafeyinin qorunmasına layiqli töhfələr verməyə davam edəcəyinə inanır.
19:49 25.05.2026
Oxunuş sayı: 8