Hüseyn İbrahimov: 15 İyun Azərbaycanın dövlətçilik tarixində mühüm dönüş nöqtəsidir
Sosial Mədəni Dəyişikliklərin Öyrənilməsi İctimai Birliyinin sədri Hüseyn İbrahimov Milli Qurtuluş Gününün tarixi əhəmiyyəti ilə bağlı saytımıza açıqlama verib.

Hüseyn İbrahimov bildirib ki, 15 İyun – Milli Qurtuluş Günü Azərbaycanın müasir dövlətçilik tarixinin ən mühüm mərhələlərindən biridir. Onun sözlərinə görə, 1993-cü ilin iyun ayında ölkədə yaranmış mürəkkəb ictimai-siyasi vəziyyət Azərbaycanı ciddi təhlükələrlə üz-üzə qoymuşdu. Məhz xalqın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı ölkədə sabitliyin bərpasına, dövlət institutlarının möhkəmləndirilməsinə və milli həmrəyliyin təmin olunmasına zəmin yaratdı.
İctimai Birliyin sədri vurğulayıb ki, Milli Qurtuluş Günü yalnız bir tarixi hadisə deyil, həm də müstəqil Azərbaycanın inkişaf strategiyasının əsasının qoyulduğu bir mərhələ kimi qiymətləndirilməlidir. O qeyd edib ki, sonrakı illərdə həyata keçirilən islahatlar, iqtisadi inkişaf, beynəlxalq nüfuzun artması və dövlətçiliyin gücləndirilməsi həmin siyasi kursun uğurlu nəticələridir.
Hüseyn İbrahimov əlavə edib ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkənin davamlı inkişafı, ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması dövlətçilik ənənələrinin uğurla davam etdirildiyini göstərir. Onun fikrincə, Milli Qurtuluş Gününün mahiyyətinin gənc nəslə düzgün çatdırılması, dövlətçilik dəyərlərinin təbliği və vətənpərvərlik ruhunun möhkəmləndirilməsi hər bir vətəndaşın qarşısında duran mühüm vəzifələrdəndir.
Sonda Hüseyn İbrahimov Azərbaycan xalqını Milli Qurtuluş Günü münasibətilə təbrik edərək ölkəmizə davamlı inkişaf, rifah və əmin-amanlıq arzulayıb.

12:08 15.06.2026
Oxunuş sayı: 12