Müjdə: Zəngəzur dəhlizi yaxın gələcəkdə açıla bilər
ABŞ-in Cənubi Qafqaz siyasətində son dövrlər müşahidə olunan fəallıq regionun geosiyasi gələcəyi ilə bağlı yeni müzakirələr yaradıb. Xüsusilə TRIPP layihəsi və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması fonunda Vaşinqtonun artan rolu diqqət mərkəzindədir.

Politoloq Fikrət Sadıqov Crossmedia.az-a açıqlamasında bildirib ki, TRIPP layihəsinin reallaşması ilk növbədə Ermənistanın maraqlarına xidmət edir, çünki marşrut məhz bu ölkənin ərazisindən keçir:
"Bu marşrut mütləq açılmalıdır. Əslində, söhbət Zəngəzur dəhlizi kimi tanınan nəqliyyat marşrutundan gedir. Layihənin hansı adla təqdim olunmasının xüsusi əhəmiyyəti yoxdur. Əsas məsələ Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək yolun açılmasıdır".
Ekspert qeyd edib ki, layihənin həyata keçirilməsi regiondakı geosiyasi güc balansına da müəyyən təsir göstərə bilər:
"Bu marşrutun açılması müəyyən mənada regiondakı güc balansını dəyişə bilər. Çünki ABŞ bu layihədə öz maraqlarına uyğun şəkildə iştirak edir və regionda sabitliyin təmin olunmasına yönəlmiş addımlar atır. Bu isə bəzi dairələrdə narahatlıq yaradır".
F.Sadıqov vurğulayıb ki, mövcud reallıqlar nəzərə alınmalı və layihənin icrası gecikdirilməməlidir:
"Reallıqla hesablaşmaq lazımdır. Bu marşrut gec-tez açılmalı və reallaşdırılmalıdır. Bu layihə həm Azərbaycanın, həm Ermənistanın, həm də digər dövlətlərin maraqlarına xidmət edəcək. Gələcəkdə bu marşrutdan regionun və dünyanın müxtəlif ölkələri istifadə edəcək. Bu, gələcəyə hesablanmış strateji nəqliyyat dəhlizidir".
Ekspert əlavə edib ki, layihənin reallaşmasına qarşı çıxan tərəflər gec-tez yeni reallığı qəbul etməli olacaqlar:
"Əgər kimsə bu layihəni qəbul etmək istəmirsə, bu, onun öz problemidir. Hesab edirəm ki, marşrutun açılması istiqamətində lazımi addımlar atılacaq və o, yaxın gələcəkdə istifadəyə veriləcək".
Nigar Xəlilli
15:30 28.07.2026
Oxunuş sayı: 51