Saray sakinləri işıqsız qalıb: Natiq Cəfərli aidiyyatı qurumlara səsləndi
Yay mövsümündə elektrik enerjisinin fasiləsiz verilməsi əhalinin gündəlik həyatı üçün həyati əhəmiyyət daşıyır. Lakin Abşeron rayonunun Saray qəsəbəsində son günlər müşahidə olunan tez-tez elektrik kəsintiləri sakinlərin narazılığına səbəb olub.
Yerli sakinlərin sözlərinə görə, kəsintilər əsasən əvvəlcədən xəbərdarlıq edilmədən baş verir və saatlarla davam edir. Bu isə həm məişətdə ciddi çətinliklər yaradır, həm də isti hava şəraitində insanların gündəlik yaşamına mənfi təsir göstərir.

REAL Partiyasının sədri Natiq Cəfərli Crossmedia.az-a açıqlamasında bildirib ki, elektrik enerjisində yaranan fasilələr ən çox xidmət sektoruna və məişətdə istifadə olunan avadanlıqlara mənfi təsir göstərir:
"Yay aylarında elektrik kəsintiləri xüsusilə daha ciddi hiss olunur. Bu cür hallar kiçik sahibkarlara, kafelərə, müxtəlif obyektlərə, eləcə də ev təsərrüfatlarına və məişət avadanlıqlarına ciddi ziyan vurur".
N.Cəfərli bildirib ki, elektrik enerjisi ixrac edən ölkədə bu cür problemlərin yaşanması qəbuledilən deyil:
"Biz XXI əsrdə yaşayırıq və elektrik enerjisi ixrac edən ölkəyik. Son illərdə elektrik istehsalımız da əhəmiyyətli dərəcədə artıb. Belə olan halda, Bakının yaxınlığında belə infrastruktur səbəbindən elektrik kəsintilərinin baş verməsi doğru deyil".
Ekspert hesab edir ki, mövcud infrastruktur problemləri operativ şəkildə aradan qaldırılmalıdır:
"Əgər problem infrastrukturdan qaynaqlanırsa, bu məsələ mütləq həll edilməlidir. Çünki elektrik kəsintiləri nəticəsində vətəndaşlara dəyən ziyanın kompensasiya olunması üçün hazırda effektiv mexanizm mövcud deyil".
Müsahibimiz vurğulayıb ki, elektrik enerjisinin plansız şəkildə kəsilməsi həm vətəndaşlar, həm də sahibkarlar üçün əlavə risklər yaradır:
"Elektrik istənilən vaxt kəsilir, sonra yenidən bərpa olunur. Bu zaman insanların məişət avadanlıqları sıradan çıxır. Təəssüf ki, bu zərərin ödənilməsi və ya məsuliyyət daşıyan tərəfin kompensasiya mexanizmi praktikada işləmir".
Nigar Xəlilli
16:30 27.07.2026
Oxunuş sayı: 58