Bir dondurmaya satılan uşaqlıq...
Şəhərin mərkəzində hər gün yüzlərlə insanın gözü qarşısında baş verən bəzi mənzərələr artıq adi əyləncə sərhədlərini aşaraq ciddi ictimai narahatlıq doğurur. Xüsusilə azyaşlı uşaqların müxtəlif vədlər və kiçik hədiyyələr qarşılığında sosial şəbəkələr üçün hazırlanan videolara cəlb edilməsi, onların hüquqlarının, psixoloji təhlükəsizliyinin və ləyaqətinin nə dərəcədə qorunduğu sualını gündəmə gətirir.
Məsələ təkcə bir neçə viral videodan ibarət deyil. Söhbət ictimai məkanlarda nəzarətsiz şəkildə formalaşan təhlükəli tendensiyadan, uşaqların kontent istehsalının alətinə çevrilməsindən və bu prosesə göz yumulmasından gedir. Cəmiyyət bu halları sadəcə izləməməli, aidiyyəti qurumlar isə məsuliyyət çərçivəsində qiymətləndirməlidir.

Sosioloq, fəlsəfə doktoru Hüseyn İbrahimov Crossmedia.az-a açıqlamasında bildirib ki, azyaşlı və yeniyetmələrin sosial media platformalarında gəlir əldə etmək məqsədilə kontent istehsalına cəlb edilməsi həm hüquqi, həm də etik baxımdan ciddi narahatlıq doğurur:
"Ümumiyyətlə, azyaşlı və yeniyetmələrin hər hansı gəlir əldə etmək məqsədilə əmək münasibətlərinə cəlb olunması yolverilməzdir. Son illər sosial media və rəqəmsal platformaların yaratdığı imkanlardan istifadə edən bəzi valideynlər, hətta demək olar ki, kifayət qədər geniş bir qrup, övladlarını izləyici toplamaq və gəlir əldə etmək məqsədilə ön plana çıxarırlar. Hesab edirəm ki, bu tendensiyanın qarşısı mütləq alınmalıdır".
Ekspertin sözlərinə görə, yetkinlik yaşına çatmayan şəxslərin bu prosesə cəlb olunması uşaq əməyindən istifadənin bir forması kimi qiymətləndirilə bilər:
"18 yaşına çatmış şəxslərin fəaliyyəti ilə bağlı hüquqi məsuliyyət başqa məsələdir. Ancaq azyaşlı və yeniyetmələrin görüntülərindən gəlir əldə etmək məqsədilə istifadə olunması, hətta qanunun digər tələbləri formal olaraq pozulmasa belə, mahiyyət etibarilə uşaq əməyindən istifadə hesab oluna bilər".
H.İbrahimov qeyd edib ki, bu zaman uşağın razılığı məsələsi də hüquqi baxımdan həlledici amil sayılmır:
"Burada söhbət uşağın razı olub-olmamasından getmir. Azyaşlı şəxsin verdiyi razılıq hüquqi baxımdan yetkin şəxsin qərarı ilə eyni qiymətləndirilə bilməz. Ola bilər ki, həmin uşaq gələcəkdə bu görüntülərin yayılmasına görə narahatlıq keçirsin və ya valideynini qınasın".
Sosioloq vurğulayıb ki, uşaqların sosial media vasitəsilə kommersiya məqsədləri üçün istifadə olunmasının məsuliyyəti valideynlərin üzərinə düşür:
"Əgər azyaşlıların iştirakı ilə hazırlanan məzmun cəmiyyətə qeyri-etik davranışları və ya mənfi nümunələri aşılayırsa, bunun hüquqi və mənəvi məsuliyyəti valideynlərin üzərində qalır. Bu baxımdan belə halların həm Uşaq Hüquqları Konvensiyasının prinsiplərinə, həm də Azərbaycan qanunvericiliyində uşaqların hüquqlarının müdafiəsinə dair müddəalara uyğunluğu ciddi qiymətləndirilməlidir".
Ekspert hesab edir ki, problemin sosial və psixoloji tərəfləri də diqqətdən kənarda qalmamalıdır:
"Belə hallar uşaqların uşaqlığını təbii şəkildə yaşamalarına mane olur. Nəticədə onlar yaşlarına uyğun inkişaf mərhələsini harmonik şəkildə keçə bilmirlər. Bu isə gələcəkdə davranış problemlərinə, aqressivliyə və sosial münasibətlərdə çətinliklərə səbəb ola bilər".
H.İbrahimovun fikrincə, bu tendensiya cəmiyyətin ümumi dəyər sisteminə də mənfi təsir göstərir:
"Sosial şəbəkələrdə yüksək baxış sayı bəzən bu cür məzmunların cəmiyyət tərəfindən dəstəkləndiyi təsəvvürü yaratsa da, əslində bu, sağlam ictimai rəyin göstəricisi deyil. Əksinə, qeyri-etik davranışların normallaşmasına və sosial dəyərlərin aşınmasına gətirib çıxara bilər".
Sosioloq sonda qeyd edib ki, problemin qarşısının alınması üçün hüquqi mexanizmlərlə yanaşı, maarifləndirmə işləri də gücləndirilməlidir:
"Bu sahədə qanunvericilik və müxtəlif nəzarət mexanizmləri mövcuddur. Lakin onların effektiv tətbiqi ilə yanaşı, media və ictimai maarifləndirmə vasitəsilə valideynlər arasında məsuliyyətli davranışın təşviq edilməsi də xüsusi əhəmiyyət daşıyır".
Nigar Xəlilli
14:00 27.07.2026
Oxunuş sayı: 50