"Astanada oturma, qismətin bağlanar" – bu deyim haradan yaranıb?
"Astanada oturma, qismətin bağlanar" ifadəsi Azərbaycan başda olmaqla türk xalqlarının məişət mədəniyyətində ən çox işlədilən deyimlərdən biridir. Xüsusilə uşaqlıq illərində böyüklər tərəfindən tez-tez səsləndirilən bu xəbərdarlıq uzun illərdir xalq arasında yaşayır. Bir çox insan bu ifadəni sadəcə batil inanc hesab etsə də, digərləri onun həqiqətən insanın taleyinə və qismətinə təsir etdiyinə inanır. Maraqlıdır ki, bu cür inanclar yalnız Azərbaycanda deyil, Türkiyədə və digər türk coğrafiyalarında da müxtəlif formalarda mövcuddur. Mütəxəssislər isə bildirirlər ki, bu tip deyimlərin yaranmasının arxasında mistik səbəblərdən daha çox cəmiyyətin davranış qaydalarını formalaşdırmaq məqsədi dayanır.
Mövzu ilə bağlı Crossmedia.az-a danışan sosioloq Üzeyir Şəfiyev bildirib:

"Bu və buna bənzər ifadələr insanların düzgün davranışa yönləndirilməsi üçün formalaşdırılıb. Bəzən insanlar adi xəbərdarlıqlara məhəl qoymadıqları üçün onları müəyyən davranışlardan çəkindirmək məqsədilə mistik məzmunlu ifadələrdən istifadə olunub. "Astanada oturma, qismətin bağlanar" deyimi də məhz bu məqsədə xidmət edib. İnsanlarda qorxu hissi yaradaraq onları astanada oturmaqdan uzaqlaşdırmağa çalışıblar. Xalq arasında formalaşmış bu cür inancların hər birinin müəyyən obyektiv əsası olub. Bu ifadələrə yalnız yalançı inanc kimi yanaşmaq düzgün deyil. Çünki onların yaranmasının arxasında konkret sosial zərurətlər dayanıb".
O bildirib ki, bu deyimlər cəmiyyətdə həm çəkindirici, həm də təşviqedici vasitə kimi istifadə olunur: "Burada dini və ya mistik məna axtarmaq doğru deyil. Əsas məqsəd insanları qorxu və ya motivasiya yolu ilə müəyyən davranışlara istiqamətləndirmək, yaxud bəzi hərəkətlərdən çəkindirmək olub. Bu baxımdan, "Astanada oturma, qismətin bağlanar" ifadəsi səbəbsiz yaranmış bir inanc deyil, cəmiyyətin davranış normalarını qorumağa xidmət edən sosial mexanizmlərdən biri kimi qiymətləndirilə bilər".
Zeynəb Həsən
20:30 25.07.2026
Oxunuş sayı: 50