Aİ ilk dəfə “kölgə donanmasına” yardım edən gəmiləri də hədəf aldı
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı 21-ci sanksiyalar paketinin razılaşdırılmasını alqışlayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Fon der Lyayenin sözlərinə görə, yeni məhdudiyyətlər Rusiyanın hərbi maşınının iqtisadi bazasını daha da zəiflətməyə yönəlib.
O bildirib ki, yeni paket çərçivəsində daha 32 Rusiya bankı qadağan olunmuş əməliyyatlar siyahısına daxil edilib. Bundan əlavə, kriptovalyuta şirkətləri və neft ticarəti platformalarına qarşı da məhdudiyyətlər tətbiq olunacaq.
Avropa Komissiyasının rəhbəri qeyd edib ki, neft qiymətləri üzrə tətbiq edilən yuxarı həddin tənzimlənməsi bir il müddətinə dondurulacaq. Onun sözlərinə görə, məqsəd Rusiyanın hərbi sənayesinin bazardakı dəyişikliklərdən faydalanmasının qarşısını almaqdır.
Fon der Lyayen bildirib ki, ilk dəfə olaraq Rusiyanın “kölgə donanmasına” yardım edən gəmilər də sanksiyalara məruz qalacaq. O, həmçinin Aİ ölkələrinin limanlarına Rusiya hərbi gəmilərinin girişinə rəsmi qadağa qoyulması istiqamətində mühüm addım atıldığını vurğulayıb.
Avropa Komissiyasının sədri yeni sanksiyalar paketinin razılaşdırılmasına verdiyi dəstəyə görə Aİ Şurasına sədrlik edən İrlandiyaya təşəkkür edib.
19:08 23.07.2026
Oxunuş sayı: 52