Zelenski Trampın nümayəndələri ilə müharibənin dayandırılması perspektivlərini müzakirə edib
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşner ilə telefon danışığı aparıb.
Crossmedia.az xəbər verir ki, "Reuters" bu barədə məlumat yayıb.
Məlumata görə, tərəflər dörd ildən artıqdır davam edən Rusiya-Ukrayna müharibəsinin dayandırılması istiqamətində diplomatik fəaliyyətin intensivləşdirilməsi və sülh sazişinin perspektivlərini müzakirə ediblər.
“Bu, diplomatik səylərin gücləndirilməsi və sülhün yaxınlaşdırılması ilə bağlı yaxşı və mühüm söhbət oldu. Sülh lazımdır – ləyaqətli sülh və Ukrayna buna çoxdan hazırdır”, – deyə Zelenski "X" sosial şəbəkəsində yazıb.
Onun sözlərinə görə, tərəflər sıx əlaqə saxlamaq barədə razılığa gəliblər.
Zelenski bildirib ki, telefon danışığında Ukrayna tərəfdən Prezident Ofisinin rəhbəri Kirill Budanov və baş danışıqlarçı Rüstəm Umerov da iştirak ediblər. O əlavə edib ki, diplomatik səylər bundan sonra da intensiv şəkildə davam etdiriləcək.
Bundan başqa, Ukrayna Prezidenti Kiyevdə ABŞ-nin NATO yanında səfiri Metyu Uitaker ilə görüş keçirdiyini açıqlayıb. Görüşdə Ukrayna şəhərlərinin raket hücumlarından müdafiəsi üçün Patriot hava hücumundan müdafiə sistemlərinin istehsalına lisenziyaların verilməsi məsələsi müzakirə olunub.
Zelenski ABŞ-ni bu istiqamətdə dəstəyi sürətləndirməyə çağırıb.
09:21 23.07.2026
Oxunuş sayı: 69