Məktəblərdə yeni fənn tədris olunacaq
Azərbaycanda yeni tədris ilindən etibarən məktəblərdə 5-ci sinifdən başlayaraq süni intellekt və kibertəhlükəsizlik mövzularının tədrisinə başlanılacaq. Məqsəd şagirdlərin rəqəmsal bacarıqlarını artırmaq və onları müasir texnologiyaların imkanlarından düzgün istifadə etməyə hazırlamaqdır. Ekspertlər hesab edirlər ki, bu addım gələcəyin əmək bazarına uyğun kadr hazırlığında mühüm rol oynaya bilər. Bununla yanaşı, proqramın uğurlu tətbiqi üçün məktəblərin texniki imkanlarının və müəllim hazırlığının da gücləndirilməsi vacib hesab olunur.
Mövzu ilə bağlı Crossmedia.az-a danışan təhsil eksperti Elçin Süleymanov bildirib ki, süni intellekt artıq dövrümüzün zərurətinə çevrilib və qısa müddətdə həyatın bütün sahələrinə təsir göstərib: "Yaxın illərdə bu texnologiyanın rolu daha da artacaq. Bu baxımdan məktəblərdə şagirdlərin süni intellektdən istifadə bacarıqlarının formalaşdırılması təqdirəlayiq addımdır. Əsas məsələ məktəblərin texniki infrastrukturunun bu yeniliyə uyğun olması və müəllimlərin süni intellektdən tədrisin keyfiyyətini artırmaq, dərsləri daha maraqlı və məhsuldar etmək üçün səmərəli istifadə etməsidir. Müəllimlərin bu istiqamətdə hazırlığı şagirdlərə də müsbət təsir göstərəcək".

Ekspert qeyd edib ki, şagirdlər süni intellektdən hazır cavab almaq üçün deyil, mövzuları daha yaxşı anlamaq, izah əldə etmək və həll yollarını öyrənmək məqsədilə istifadə etməlidirlər: "Süni intellekt nəticəyönümlü şəkildə istifadə edildikdə analitik düşüncə qabiliyyətinin zəifləməsinə səbəb ola bilər. Bu baxımdan texnologiya insan düşüncəsini əvəz edən deyil, onu tamamlayan vasitə kimi tətbiq edilməlidir. Bu yanaşmanın məktəb proqramlarında öyrədilməsi gələcək nəsillərin rəqəmsal bacarıqlarının düzgün formalaşmasına mühüm töhfə verəcək".
Zeynəb Həsən
12:30 16.07.2026
Oxunuş sayı: 70