15 iyul - Tarixə milli əzmin həkk olunması günü
Türkiyənin müasir tarixinə milli iradənin, xalq rəşadətinin və sarsılmaz dövlətçilik əzminin rəmzi kimi həkk olunan 15 İyul – Demokratiya və Milli Birlik Günü qardaş ölkədə və onun hər zaman yanında olan Azərbaycanda dərin ehtiramla yad edilir. Bundan tam 10 il əvvəl dövlətin suverenliyinə, xalqın seçiminə qəsd etməyə çalışan xain hərbi çevriliş təşəbbüsü türk millətinin canı və qanı bahasına, misilsiz fədakarlığı ilə dəf edilərək şanlı bir qəhrəmanlıq dastanına çevrildi. Bu tarixi sınaq anında "Bir millət, iki dövlət" fəlsəfəsinə sadiq qalan Azərbaycan, Prezident İlham Əliyevin rəhbərliyi ilə ilk andan etibarən qardaş Türkiyənin və onun legitim hakimiyyətinin yanında yer alaraq sarsılmaz dəstəyini bütün dünyaya nümayiş etdirdi. Bu şanlı zəfər və nümayiş etdirilən qardaşlıq həmrəyliyi, bu gün Şuşa Bəyannaməsi ilə taclanan strateji müttəfiqliyin sarsılmaz təməllərini bir daha bütün dünyaya bəyan edir. Bu tarixi hadisə ilə bağlı Milli Məclisin deputatı Elçin Mirzəbəyli Crossmedia.az-a açıqlama verib.

"FETÖ-nün 15 iyul dövlət çevrilişi cəhdindən on il keçir. Bu müddət ərzində baş verənlər bir daha göstərdi ki, söhbət sadəcə dini və ya ictimai hərəkatdan deyil, dövlət institutlarına sistemli şəkildə nüfuz etməyi, paralel idarəetmə mexanizmi qurmağı və uyğun şərait yarananda siyasi hakimiyyəti ələ keçirməyi hədəfləyən qapalı şəbəkədən gedirdi.
2003-cü ildə yazdığım bir məqalədə FETÖ-nün digər radikal təşkilatlardan əsas fərqinin məhz siyasi hakimiyyətə can atması və bu məqsəd üçün cəmiyyətin bütün təbəqələrinə nüfuz etməyə çalışması olduğunu qeyd etmişdim. O zaman bu fikirlər bəzilərinə mübaliğəli görünə bilərdi. Lakin sonrakı hadisələr, xüsusilə də 15 iyul 2016-cı ildə Türkiyədə baş verən qanlı çevriliş cəhdi həmin qiymətləndirmələrin təsadüfi olmadığını ortaya qoydu.
FETÖ-nün fəaliyyət modelini klassik terror təşkilatlarının fəaliyyətindən fərqləndirən əsas xüsusiyyət onun uzunmüddətli infiltrasiya strategiyası idi. Təşkilat silahlı mübarizədən daha çox, dövlətin və cəmiyyətin müxtəlif institutlarına sızmağı prioritet hesab edirdi. Təhsil müəssisələri, media qurumları, biznes strukturları, maliyyə sektoru, qeyri-hökumət təşkilatları və ən nəhayət hüquq-mühafizə orqanları ilə silahlı qüvvələr bu strategiyanın əsas hədəfləri idi.
Bu baxımdan FETÖ-nün mahiyyətini anlamaq üçün onun ideoloji şüarlarından çox, praktiki fəaliyyətinə diqqət yetirmək lazımdır. Təşkilat dini dəyərləri məqsəd deyil, vasitə kimi qəbul edirdi. İnanc, mənəviyyat və müqəddəslik anlayışları tərəfdar toplamaq, emosional bağlılıq yaratmaq və itaət mexanizmini formalaşdırmaq üçün istifadə olunan alətlərə çevrilmişdi. Məhz buna görə də FETÖ üçün müqəddəs hesab edilən dəyərlər əslində siyasi layihənin örtüyü rolunu oynayırdı.
Bu gün artıq geniş ictimaiyyətə məlum olan çoxsaylı materiallar göstərir ki, təşkilatın rəhbərliyi tərəfdarlarına dövlət strukturlarında gizli şəkildə möhkəmlənməyi, öz kimliklərini gizlətməyi, münasib vaxtı gözləməyi tövsiyə edirdi. Fətullah Gülənin müxtəlif çıxışlarında yer alan çağırışlar da bunu təsdiqləyir: sistem daxilində mövqelərin möhkəmləndirilməsi, güc əldə olunana qədər qarşıdurmadan yayınmaq, özünü fərqli təqdim etmək və imkan yaranan kimi təsir dairəsini genişləndirmək.
Əslində 15 iyul hadisələri həmin strategiyanın son mərhələsinin uğursuz həyata keçirilməsi cəhdi idi. Türkiyə dövlətinin əsas institutlarına yerləşdirilmiş şəbəkə elementləri silahlı çevriliş yolu ilə hakimiyyəti ələ keçirməyə çalışdılar. Nəticədə yüzlərlə insan həyatını itirdi, minlərlə vətəndaş yaralandı. Hadisələrin miqyası FETÖ-nün sadəcə ideoloji qrup deyil, siyasi məqsədlər naminə zorakılığa əl atan terror təşkilatı olduğunu açıq şəkildə nümayiş etdirdi.
Azərbaycan üçün bu hadisələrin xüsusi əhəmiyyəti var. Çünki FETÖ uzun illər ərzində türk-müsəlman məkanında, o cümlədən Azərbaycanda müxtəlif platformalar üzərindən təsir imkanları formalaşdırmağa çalışmışdı. Vaxtilə bu təhlükənin ciddiliyini kiçiltməyə çalışanlar, prosesi "siyasi texnologiya" kimi təqdim edənlər də vardı. Lakin sonrakı faktlar göstərdi ki, məsələ ayrı-ayrı şəxslərin simpatiyaları və ya təhsil layihələri ilə bağlı deyil, dövlətlərin suverenliyinə və təhlükəsizliyinə yönəlmiş sistemli fəaliyyətlə bağlıdır.
FETÖ-nün ən təhlükəli tərəflərindən biri də onun özünü radikal kimi təqdim etməməsidir. Təşkilatın nümayəndələri adətən intellektual, müasir, təhsilli və humanist obraz yaratmağa çalışırlar. Onlar açıq qarşıdurmadan deyil, səssiz şəbəkələşmədən, gizli əlaqələrdən və təsir mexanizmlərindən istifadə edirlər. Məhz buna görə də FETÖ təhlükəsini yalnız təhlükəsizlik aspektindən deyil, həm də ideoloji, informasiya və institusional təhlükəsizlik kontekstində qiymətləndirmək lazımdır.
On il əvvəl Türkiyədə baş verən hadisələr bir həqiqəti təsdiqlədi: dövlətlərin qarşılaşdığı təhlükələr həmişə açıq formada meydana çıxmır. Bəzən təhlükə özünü məktəb, media qurumu, ictimai təşəbbüs və ya xeyriyyə fəaliyyəti adı altında gizlədir. FETÖ nümunəsi göstərdi ki, demokratik institutların imkanlarından istifadə edərək onların özünə qarşı fəaliyyət göstərən qapalı şəbəkələr ən ciddi risklərdən biridir.
15 iyulun onuncu ildönümündə əsas nəticə bundan ibarətdir ki, dövlətlərin və cəmiyyətlərin sayıqlığı yalnız silahlı terrora qarşı deyil, eyni zamanda gizli şəbəkələşmə, institusional infiltrasiya və manipulyativ ideoloji təsir mexanizmlərinə qarşı da yönəlməlidir. Çünki bəzən ən böyük təhlükə açıq hücum edənlərdən deyil, uzun illər ərzində "saman altdan su yeridənlərdən" gəlir. FETÖ fenomeninin dərsi də məhz bundan ibarətdir".
Məsələnin tarixi və əhəmiyyəti ilə bağlı Xəzər Universitetinin Siyasi elmlər və fəlsəfə departamentinin müdiri, dosent Orxan Vəliyev də fikirlərini bölüşüb.

"Bildiyiniz kimi, Türkiyənin siyasi tarixində müxtəlif hərbi çevrilişlərin, yaxud da ordunun müəyyən qruplarının, xüsusilə quru qüvvələrinin və digər bölmələrinin istifadə edilməsi ilə seçilmiş iqtidarlara qarşı yönələn müxtəlif təşəbbüslərin olduğu məlumdur. 10 il əvvəl baş verən hadisələr də siyasi qiymətləndirmələrə görə məhz belə təşəbbüslərdən biridir. Lakin bu hadisəni analiz edərkən ondan əvvəl qlobal siyasətdə gedən prosesləri də diqqətə almaq lazımdır; xüsusilə 2001-ci ildəki 11 Sentyabr hadisələri və 2007–2008-ci illərdə yaşanan qlobal maliyyə böhranı bu baxımdan mühüm hadisələrdir.
Bu qlobal sarsıntılar İkinci Dünya müharibəsindən sonra dövlətə verilən statusun, gücün və ümumilikdə dövlətçilik mahiyyətinin dəyişməsi prosesinin başlanğıcı demək idi. Beləliklə, dövlətlər yeni qərarlar qəbul etmək və yeni mərhələləri adlamaq prosesinə daxil olmuşdular. Türkiyədə baş verən məlum hadisə zamanı da çevriliş təşəbbüsü yenə ordunun içərisindən hərəkətləndirilməyə çalışıldı, lakin qeyd etdiyiniz kimi, xalqın öz dövləti və dövlətin strateji qurumları ilə birgə, çiyin-çiyinə fəaliyyəti nəticəsində bu təhlükə dəf edildi. Nəticə etibarilə, Türkiyə öz inkişaf yoluna qətiyyətlə davam etdi.
Bu tarixi sınağın ən mühüm nəticələrindən biri də o oldu ki, Türk hərb sənayesi keyfiyyətcə tamamilə yeni bir mərhələyə qədəm qoydu. Bildiyiniz kimi, xüsusilə NATO-nun son sammitində də aydın olduğu üzrə, dünya artıq hərbi sənayenin həlledici rol oynadığı yeni bir dövrə daxil olur. Türkiyə bu hadisədən sonra da müdafiə sənayesində başlatdığı intibahı davam etdirərək onu daha da inkişaf etdirdi. Məlum olduğu kimi, Azərbaycan Silahlı Qüvvələri də İkinci Qarabağ müharibəsində məhz Türkiyənin hərbi sənaye məhsulu olan pilotsuz uçuş aparatlarını (PUA) satın almaq və bu texnoloji imkanlardan yararlanmaqla tarixi hərbi-siyasi zəfərə imza atdı.
Bu günlərdə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri öz çıxışında Prezident İlham Əliyevin şəxsində Azərbaycan dövlətinin və xalqının hər zaman Türkiyənin, türk xalqının yanında olduğunu xatırlatdı və buna görə Türkiyə dövləti adından öz dərin minnətdarlığını və şükranlığını bildirdi.
Bu baxımdan, Azərbaycan və Türkiyə dövlətləri arasında imzalanmış Şuşa Bəyannaməsi və müttəfiqlik sənədi əsla bir təsadüf deyil. Bunun arxasında böyük bir tarixi keçmiş dayanır. Qafqaz İslam Ordusundan başlayan bu qardaşlıq və birgə mübarizə tarixi, illər əvvəl baş vermiş məlum təşəbbüs zamanı və digər strateji sınaqlarda hər iki dövlətin bir-birinə verdiyi sarsılmaz dəstəkdə özünü aydın şəkildə büruzə verir. Beləliklə, ulu öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" ifadəsinin və Azərbaycan-Türkiyə münasibətlərinin bu milli xətt üzərində qurulmasının nə dərəcədə böyük və əsaslı reallıqlara söykəndiyini bir daha əyani şəkildə görmüş oluruq.
Nəticə olaraq, bu təhdid xalqın iradəsi ilə uğurla dəf olundu və Türkiyə dövləti qlobal siyasətdəki yerini möhkəmləndirərək, öz gücünü artırmaqla yoluna davam edir. Burada xüsusilə hərbi sənayenin və yüksək texnoloji inkişafa əsaslanan hərb sənayesinin rolunu xüsusi qeyd etmək lazımdır".
Turqut Ansari
18:49 15.07.2026
Oxunuş sayı: 377