Sahibkarlığın inkişafı üçün unikal imkan yaradılır
Sahibkarlıq fəaliyyətində şəffaflığın artırılması və iqtisadi cinayətlərlə mübarizənin daha səmərəli təşkili istiqamətində qanunvericilikdə növbəti mühüm addım atılıb. Milli Məclisin qəbul etdiyi son dəyişikliklər bir tərəfdən dövlətə vurulan ziyanın ödənilməsini təşviq edir, digər tərəfdən isə iqtisadi münasibətlərdə sui-istifadə hallarının qarşısını almaq üçün yalançı sahibkarlıq anlayışının hüquqi çərçivəsini genişləndirir.
Yeni yanaşma həm cinayət məsuliyyətindən azad olunma mexanizminə düzəlişlər edir, həm də sahibkarlıq adı altında həyata keçirilən qanunsuz fəaliyyətlərə nəzarəti sərtləşdirir. Dəyişikliklərin biznes mühitinə, hüquq tətbiqi praktikasına və iqtisadi cinayətlərlə mübarizəyə mümkün təsirləri isə artıq müzakirə olunan əsas məsələlərdən birinə çevrilib.

Hüquq üzrə fəlsəfə doktoru Əlövsət Allahverdiyev Crossmedia.az-a açıqlamasında bildirib ki, Cinayət Məcəlləsinə edilən son dəyişikliklər dövlətin iqtisadi cinayətlərlə mübarizədə daha balanslı yanaşma formalaşdırmaq niyyətini göstərir:
"Bir tərəfdən, sahibkarlıq fəaliyyəti ilə bağlı bəzi iqtisadi cinayətlər üzrə vurulmuş zərərin ödənilməsi və qanunda nəzərdə tutulan digər şərtlərin yerinə yetirilməsi halında cinayət məsuliyyətindən azad edilmə imkanlarının genişləndirilməsi sahibkarları dəymiş zərəri könüllü şəkildə aradan qaldırmağa təşviq edə bilər. Bu, həm dövlətə vurulmuş ziyanın daha operativ ödənilməsinə, həm də biznes fəaliyyətinin tamamilə dayanmasının qarşısının alınmasına xidmət edir."
Ekspertin sözlərinə görə, yalançı sahibkarlıq anlayışının genişləndirilməsi də iqtisadi cinayətlərlə mübarizədə mühüm rol oynaya bilər:
"Bu dəyişiklik hüquq-mühafizə orqanlarına iqtisadi cinayətlərin törədilməsi üçün yaradılan və ya istifadə olunan formal, yəni fiktiv hüquqi şəxslərlə daha effektiv mübarizə aparmağa imkan verəcək. Xüsusilə vergidən yayınma, qanunsuz maliyyə əməliyyatları, çirkli pulların yuyulması və digər iqtisadi cinayət sxemlərinin aşkar edilməsi baxımından bunun əhəmiyyəti böyükdür”.
Ə.Allahverdiyev vurğulayıb ki, qanun dəyişikliklərinin praktik tətbiqi xüsusi əhəmiyyət kəsb edir:
"Əgər “yalançı sahibkarlıq” anlayışı həddindən artıq geniş və ya qeyri-müəyyən şəkildə şərh olunarsa, real kommersiya fəaliyyəti göstərən, lakin müxtəlif səbəblərdən fəaliyyətini məhdudlaşdıran və ya biznes planını həyata keçirə bilməyən sahibkarların da araşdırmalara cəlb olunması riski yarana bilər. Buna görə də istintaq və məhkəmə orqanları şəxsin qanunsuz məqsədlə hərəkət etdiyini, yəni qəsdin və faktiki halların kifayət qədər sübut olunduğunu dəqiq müəyyən etməlidirlər."
Müsahibimiz hesab edir ki, dəyişikliklər iqtisadi cinayətlər nəticəsində vurulmuş zərərin könüllü ödənilməsini təşviq etməklə yanaşı, saxta şirkətlər vasitəsilə həyata keçirilən maliyyə və vergi pozuntularına qarşı mübarizəni gücləndirə, vicdanlı sahibkarlar üçün daha şəffaf və ədalətli rəqabət mühitinin formalaşmasına töhfə verə bilər:
"Ancaq hüquqi müəyyənliyin və qanunların vahid tətbiqinin təmin olunmaması biznes subyektləri üçün əlavə hüquqi risklər yarada bilər. Nəticə etibarilə, bu dəyişikliklərin sahibkarlıq mühitinə təsiri qanunun mətnindən daha çox, hüquq-mühafizə orqanlarının və məhkəmələrin onu necə tətbiq etməsindən asılı olacaq. Dəqiq və ardıcıl tətbiq həm sahibkarlığın inkişafına, həm də iqtisadi cinayətlərlə mübarizənin effektivliyinin artırılmasına xidmət edəcək."
Nigar Xəlilli
16:30 13.07.2026
Oxunuş sayı: 63