KİV: Bu hökm Fransanın siyasi gələcəyinə təsir edə bilər
Fransada məhkəmə bu gün ifrat sağçı siyasətçi Marin Le Penin Avropa Parlamentinin vəsaitlərinin mənimsənilməsi işi üzrə apellyasiya şikayətinə baxacaq.
Crossmedia.az xəbər verir ki, bu barədə The New York Times (NYT) məlumat yayıb.
Nəşrin yazdığına görə, əgər məhkəmə əvvəlki hökmü ləğv etsə, Le Penin 2027-ci ildə keçiriləcək prezident seçkilərində dördüncü dəfə namizəd olacağı gözlənilir. Əks halda isə onun təmsil etdiyi Milli Birlik Partiyasının namizədi kimi 30 yaşlı Jordan Bardella irəli sürülə bilər.
Marin Le Pen 2025-ci ilin martında Avropa Parlamentinin vəsaitlərindən partiya əməkdaşlarının maaşlarının ödənilməsi üçün istifadə etməkdə təqsirli bilinmişdi. Məhkəmə ona iki ili şərti olmaqla dörd il həbs cəzası, 100 min avro məbləğində cərimə və beş il müddətinə dövlət vəzifələrinə seçilmək hüququndan məhrumetmə cəzası vermişdi.
Le Pen ittihamların şəxsi varlanma ilə bağlı olmadığını, siyasi motiv daşıdığını bildirərək işi “siyasi təqib” adlandırıb və qərardan asılı olmayaraq siyasi fəaliyyətini davam etdirəcəyini bəyan edib.
NYT qeyd edir ki, bu məhkəmə işi yalnız Marin Le Penin siyasi taleyi üçün deyil, həm də hazırda rəy sorğularında ön sıralarda olan Fransanın ifrat sağçı siyasi qüvvələrinin gələcəyi baxımından həlledici əhəmiyyət daşıyır.

13:36 07.07.2026
Oxunuş sayı: 61