İsraillə Türkiyə arasında narazılıq artır - Baş verənlər Azərbaycanın da marağına ziddir
İsrailin qondarma “erməni soyqrımı”nı tanıması onsuz da gərgin olan Türkiyə-İsrail münasibətlərini daha da çətin siyasi vəziyyətə gətirdi. Belə ki, Azərbaycanın da hər iki dövlətlə normal diplomatik münasibətləri, xüsusən Türkiyə ilə strateji müttəfiq və qardaş ölkə olduğunu, ticari əlaqələri, Azərbaycanın dəfələrlə iki dövlət arasında vasitəçi qismində çıxış etmək cəhdlərini nəzərə alsaq deyə bilərik ki, bu məsələ dövlət olaraq bizi də maraqlandırır. Azərbaycan Xarici İşlər Nazirliyi də İsrailin bu qərarı ilə bağlı mövqeyini açıq şəkildə ortaya qoymuşdu. İsrail xarici işlər naziri Gideon Saarın "erməni soyqırımı"nın tanınması ilə bağlı qətnamə layihəsini hökumətə təqdim edəcəyini açıqlamasından sonra Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov da ölkəni tərk edib. Səfirin məsləhətləşmələr üçün Bakıya geri çağırılıb-çağırılmadığı rəsmi qurumlar tərəfindən hələlik təsdiqlənməyib. İsrailin atdığı bu addım tək Türkiyə ilə yox Azərbaycanla da münasibətlərə zərər vura bilərmi?
Mövzu
ilə bağlı politoloq Elşad Həsənov Crossmedia.az-a açıqlama verib: “ABŞ–İsrail–İran
müharibəsindən sonra Yaxın Şərqdə vəziyyət daha da gərginləşdi. İsrailin Yaxın
Şərqdə apardığı müharibələr – həm HƏMAS-a qarşı, həm Hizbullaha qarşı, həm də
digər istiqamətlərdə, yəni Livan və Qəzzada törətdiyi qətliamlar dünya
ictimaiyyəti tərəfindən ciddi şəkildə qınanılır. Hətta Avropa İttifaqında da
İsrailə qarşı sanksiyaların tətbiq edilməsi və onun cəzalandırılması ilə bağlı
çağırışlar səsləndirildi. Bundan başqa, Benyamin Netanyahu və keçmiş müdafiə
naziri Yoav Qallant barəsində Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən həbs
orderi çıxarıldı.Ancaq buna baxmayaraq, Netanyahu bu gün də Qəzzadə və Livan
istiqamətində hərbi əməliyyatları davam etdirir, dinc əhali həlak olur. Qəzzada
70 mindən artıq insan həyatını itirib və onların böyük əksəriyyəti uşaqlar,
qadınlar və qocalardır. Bütün bu hadisələrə Türkiyə Prezidenti cənab Rəcəb
Tayyib Ərdoğan həmişə ciddi reaksiya verib. O, dəfələrlə Netanyahunun qanlı
cinayətkar olduğunu bildirib və bu cinayətlərin dayandırılmasını tələb edib. Təəssüf
ki, BMT-də bu məsələ dəfələrlə müzakirə olunsa da, İsrailə qarşı ciddi tədbirlər
görülməyib. Çünki ABŞ İsraili dəstəkləyib. Türkiyənin belə qətiyyətli mövqeyini
görən İsrail də qondarma “erməni soyqırımı”nı tanıması ilə bağlı qərar qəbul
etdi. Əvvəlcə bu məsələ komissiyada müzakirə olundu, daha sonra parlamentdə
baxılması nəzərdə tutuldu”.

Politoloq qeyd edib ki, İsrailin apardığı bu siyasət düzgün deyil: “Bu, təkcə Türkiyəyə qarşı deyil, həm də Azərbaycana qarşı yönəlmiş bir siyasətdir. Baxmayaraq ki, biz İsraillə strateji tərəfdaşıq. İsrail 44 günlük Vətən müharibəsi zamanı Türkiyə ilə birlikdə Azərbaycana dəstək göstərdi. Sonrakı dövrdə isə Azərbaycan İsrail ilə Türkiyə arasında münasibətlərin normallaşdırılması üçün müvafiq addımlar atdı. Həm İsrailin Türkiyədə, həm də Türkiyənin İsraildə müəyyən səhvləri oldu. Ancaq təəssüf ki, İsrail “Böyük İsrail” yaratmaq iddiasından əl çəkməyərək qonşu müsəlman ölkələrinə hücum edir. Hesab edirəm ki, bu hücumların arxasında da məhz həmin plan dayanır. Bu gün Yaxın Şərqdə ən ağır hadisələri törədən tərəf İsrail ordusudur. Onlar açıq şəkildə bəyan edirlər ki, məqsədlərinə, yəni “Böyük İsrail” ideyasını həyata keçirənə qədər bu siyasəti davam etdirəcəklər. Baxmayaraq ki, ABŞ ilə İran arasında imzalanmış bəyanatın birinci bəndində göstərilir ki, Yaxın Şərqdə, o cümlədən Livanda hərbi əməliyyatlar dayandırılmalı, Livanın suverenliyi təmin olunmalı və İsrail qoşunları həmin ərazilərdən çıxmalıdır, təəssüf ki, Netanyahunun komandası Donald Trampın dəstəklədiyi həmin bəyanatın əksinə mövqe nümayiş etdirir”.
E.Həsənov
onların Livandan çıxmaq fikrində olmadıqlarını bildirib: “Çünki bu, İsrailin
milli maraqlarına uyğun deyil. Həmçinin qeyd edirlər ki, onlar ABŞ-nin
tabeliyində olan dövlət deyillər, müstəqil ölkədirlər və İsrailin milli təhlükəsizliyi
naminə Livandan çıxmayacaqlar. Yəni belə bir açıqlama ilə çıxış etdilər. Ancaq
hesab edirəm ki, onların bu hərəkətləri beynəlxalq ictimaiyyət tərəfindən
normal qarşılanmır. İsrailin qondarma “erməni soyqırımı”nı tanımasının da o qədər
böyük əhəmiyyəti yoxdur. Maraqlıdır ki, Ermənistanın Baş naziri Nikol Paşinyan
da bununla bağlı açıqlamasında bildirdi ki, bu qərar Ermənistanın maraqlarına
deyil, başqa ölkələrin, xüsusilə də Rusiyanın maraqlarına xidmət edir. Azərbaycan
Xarici İşlər Nazirliyi də bununla bağlı etiraz notası təqdim etdi və bu qərardan
təəssüfləndiyini bildirdi. Bundan sonra Azərbaycanın İsraildəki səfiri məsləhətləşmələr
üçün Bakıya çağırıldı. İsrailin bu addımı yanlışdır. Onlar qonşu ölkələrə qarşı
hücumlarından sonra indi də Türkiyəyə qarşı təzyiq göstərməyə çalışırlar. Azərbaycan
isə hər zaman olduğu kimi bu gün də Türkiyənin yanındadır. İsraillə münasibətlərimiz
normaldır, biz tərəfdaşıq. Ancaq seçim İsrail ilə Türkiyə arasında olarsa, təbii
ki, Azərbaycan Türkiyənin yanındadır. Ona görə də İsrailin bu siyasətini düzgün
hesab etmirəm”.
Ayhan
13:00 07.07.2026
Oxunuş sayı: 89