Azərbaycan və Ermənistan itkin düşmüş azərbaycanlıların tapılması üçün əməkdaşlıq edə bilər
Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatlar
artıq geridə qalıb. Tərəflər sülh gündəliyini irəli aparır, münasibətlərin
normallaşdırılması istiqamətində mühüm addımlar atılır və Vaşinqtonda əldə
olunan razılaşmalar yeni mərhələnin əsasını qoyur. Bununla belə, müharibələrin
qoyduğu ağır humanitar miras hələ də aradan qalxmayıb. Onilliklər keçməsinə
baxmayaraq, Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş minlərlə azərbaycanlının
taleyi bu gün də naməlum olaraq qalır. Söhbət təkcə hərbçilərdən deyil, həm də əsir
və girov götürülərək itkin düşən mülki şəxslərdən gedir. Rəsmi məlumatlara görə,
4 minə yaxın Azərbaycan vətəndaşı hələ də itkin hesab olunur və onların ailələri
illərdir cavab gözləyirlər. Beynəlxalq humanitar hüquq münaqişə başa çatdıqdan
sonra belə itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün tərəflərin əməkdaşlıq
etməsini vacib hesab edir. Bu baxımdan Ermənistanın indiyədək prosesə lazımi səviyyədə
töhfə verməməsi suallar doğurur. Ermənistan niyə bu istiqamətdə konkret
addımlar atmır? İtkin düşmüş vətəndaşlarımızın taleyinin müəyyənləşdirilməsi
üçün Azərbaycan və Ermənistan arasında hansısa humanitar əməkdaşlıq mexanizmi
formalaşa bilərmi?
Mövzu ilə bağlı Milli Məclisin deputatı Elçin Mirzəbəyli Crossmedia.az-a açıqlama verib: “Müharibələr təkcə cəbhə xəttində bitmir. Onların insan talelərində, ailələrin yaddaşında, cəmiyyətlərin kollektiv şüurunda qoyduğu izlər bəzən onilliklər boyunca yaşayır. Azərbaycan üçün belə ağır miraslardan biri Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş vətəndaşlarımızın taleyi ilə bağlıdır. Söhbət rəqəmdən deyil, 4 min insanın həyatından, minlərlə ailənin otuz ildən artıq davam edən ağrısından gedir. Bu gün Azərbaycan ərazilərində aşkar edilən kütləvi məzarlıqlar, işğaldan azad olunmuş bölgələrdə aparılan qazıntılar və ekspertiza nəticələri bir daha təsdiqləyir ki, Ermənistan tərəfi müharibə dövründə baş vermiş hadisələr barədə Azərbaycanın malik olmadığı çoxsaylı məlumatlara sahibdir. Məhz buna görə də rəsmi İrəvanın susqunluğu və passivliyi təkcə siyasi mövqe deyil, həm də ciddi humanitar və hüquqi məsuliyyət məsələsidir. Əslində burada cavab gözləyən ən vacib sual budur: Ermənistan nə üçün itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində fəal əməkdaşlıq etmir? Bu sualın cavabı ilk növbədə keçmiş münaqişənin hüquqi nəticələri ilə bağlıdır. Çünki itkin düşmüş şəxslərin taleyi barədə məlumatların açıqlanması, kütləvi məzarlıqların yerlərinin göstərilməsi və ya müvafiq hərbi arxivlərin açılması Ermənistanın uzun illər ərzində gizlətməyə çalışdığı faktların üzə çıxmasına səbəb ola bilər. Bu faktlar isə yalnız müharibə cinayətləri və beynəlxalq humanitar hüququn pozulması ilə bağlı deyil, həm də əsir və girov götürülmüş şəxslərin aqibəti ilə əlaqədardır”.

Deputat qeyd edib ki, məhz buna görə də Ermənistan məsələyə humanitar problem kimi deyil, siyasi məsuliyyət kontekstində yanaşır. Halbuki beynəlxalq hüququn yanaşması tamamilə fərqlidir: “Müharibə şəraitində itkin düşmüş şəxslərin taleyinin araşdırılması tərəflərin siyasi iradəsindən asılı olan seçim deyil, beynəlxalq humanitar hüquqdan irəli gələn öhdəlikdir. Diqqət çəkən məqamlardan biri də odur ki, Ermənistan rəhbərliyi son illər regionda sülh və barışıqdan danışsa da, etimad mühitinin formalaşmasına xidmət edə biləcək ən mühüm humanitar addımlardan birini atmağa tələsmir. Halbuki itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması iki xalq arasında etimadın yaradılması üçün istənilən siyasi bəyanatdan daha böyük əhəmiyyət daşıyır. Tarix göstərir ki, müharibədən sonrakı barışıq proseslərində həqiqətin üzə çıxarılması xüsusi rol oynayır. Keçmiş Yuqoslaviya, Balkanlar, Latın Amerikası və digər bölgələrdə yaşanan təcrübələr sübut edir ki, gizlədilən həqiqətlər sülhü möhkəmləndirmir, əksinə gələcəkdə yeni qarşıdurmalar üçün zəmin yaradır. Şübhəsiz ki, Azərbaycan və Ermənistan bu sahədə əməkdaşlıq edə bilər və etməlidir. Bunun üçün kifayət qədər beynəlxalq mexanizmlər mövcuddur. İlk növbədə, Beynəlxalq Qırmızı Xaç Komitəsi və digər beynəlxalq humanitar institutların iştirakı ilə birgə işçi qrupları yaradıla bilər. Ermənistanın hərbi və inzibati arxivlərində mövcud olan məlumatların paylaşılması, keçmiş döyüş bölgələri üzrə xəritələrin təqdim edilməsi, şahid ifadələrinin toplanması, ehtimal olunan dəfn yerləri barədə məlumatların ötürülməsi və birgə ekspert missiyalarının həyata keçirilməsi mühüm nəticələr verə bilər”.
E.Mirzəbəyli
Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə
aşkar etdiyi çoxsaylı kütləvi məzarlıqların bu istiqamətdə əldə olunacaq hər
bir yeni məlumatın onlarla, hətta yüzlərlə ailənin taleyinə aydınlıq gətirə biləcəyini
qeyd edib: “Müasir DNT texnologiyalarının imkanları isə bu prosesi daha da sürətləndirir.
Lakin burada əsas məsələ texnologiya və ya mexanizmlər deyil. Əsas məsələ
siyasi iradədir. Bu gün Ermənistan qarşısında seçim dayanır. İrəvan ya keçmişin
ağır yükünü gələcəyə daşımalı, ya da regionda dayanıqlı sülhün qurulması üçün
humanitar məsuliyyət nümayiş etdirməlidir. Çünki sülh yalnız sənədlərin
imzalanması ilə ölçülmür. Sülh həm də itkin düşmüş insanların taleyi barədə həqiqətin
ailələrə çatdırılması, onlara gözləmək əzabı əvəzinə cavab verilməsi deməkdir. Azərbaycan
öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Regionda yeni siyasi reallıq
formalaşıb. İndi isə növbə humanitar ədalətin təmin olunmasınadır. Əgər Ermənistan
həqiqətən də sülh və normallaşma prosesinin tərəfdarı olduğunu nümayiş etdirmək
istəyirsə, bunun ən real göstəricilərindən biri itkin düşmüş azərbaycanlıların
taleyinin aydınlaşdırılması istiqamətində açıq və səmimi əməkdaşlıq olacaq”.
Ayhan
16:40 06.07.2026
Oxunuş sayı: 73