Kondisionerdən istifadə edərkən çoxumuzun yol verdiyimiz səhvlər açıqlandı
Yay mövsümündə havaların həddindən artıq isti keçməsi ilə əlaqədar kondisionerlər gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. İstidən qorunmaq və daha rahat şəraitdə olmaq üçün insanlar evdə, iş yerində, avtomobildə, demək olar ki, hər yerdə kondisionerdən istifadə edirlər. Xüsusilə gecələr sərin mühitdə yatmaq istəyənlər kondisioneri saatlarla, bəzən isə səhərə qədər işlək vəziyyətdə saxlayırlar. Lakin havanın temperaturu artdıqca kondisionerdən istifadə də artır. Uzun müddət birbaşa soyuq hava axınına məruz qalmaq və cihazdan düzgün istifadə etməmək orqanizmə mənfi təsir göstərə bilər. Buna görə də yay aylarında kondisionerdən istifadə edərkən həm sərinlikdən faydalanmaq, həm də sağlamlığı qorumaq üçün müəyyən qaydalara əməl etmək vacibdir.
Crossmedia.az-a açıqlama verən həkim Şahvələd Məmmədov qeyd edib ki, havaların isti keçməsi ilə əlaqədar insanların əksəriyyəti isti bölgələrdə, eləcə də Bakıda kondisionerdən istifadə etmək məcburiyyətində qalır:

"İlk olaraq, hər kəs kondisionerdən istifadə qaydasını bilməlidir. Kondisioner 24–26 dərəcə temperaturda işləməlidir. 19, 20, 21 və ya 22 dərəcə tövsiyə edilmir. Həmçinin, evdə kondisioner 24–26 dərəcə səviyyəsində quraşdırılmalıdır. Bundan əlavə , kondisioneri uzun müddət fasiləsiz işlək vəziyyətdə saxlamaq düzgün deyil. Kondisioner işləyən otaqda və ya mənzildə hər hansı bir pəncərənin açıq saxlanılması məsləhət görülür. Bəzən deyirlər ki, otaq tam qapalı olmalıdır. Bu da doğru deyil. Çünki müəyyən qədər hava mübadiləsi olmalıdır".
Həkimin sözlərinə görə, kondisionerdən uzun müddət istifadə olunması dəridə quruluğa və dəri problemlərinə səbəb ola bilər:
"Bundan başqa, allergik xəstələrdə kondisionerin kirli filtrlərindən çıxan toz hissəcikləri dəridə qaşınma, səpkilər yarada, astma və allergiyası olan şəxslərdə isə asqırma, boğulma kimi halları kəskinləşdirə bilər. Uzun müddət kondisionerdən istifadə edilməsi hətta tənəffüs yollarının patologiyalarına, ağciyər iltihabına da səbəb ola bilər. Son vaxtlar belə hallarla rastlaşırıq".
Müsahibimiz deyib ki, sadalanan hallarla rastlaşmayaq deyə, kondisionerdən düzgün istifadə olunması məsləhətdir:
"Uzun müddət kondisionerin altında qalmaq düzgün deyil və temperatur düzgün tənzimlənməlidir. İstifadə etdiyimiz kondisionerlərin filtrləri ən azı mövsümdə bir və ya iki dəfə təmizlənməlidir. Filtrlər təmizlənmədikdə legioner xəstəliyi deyilən bir xəstəlik yarana bilər. Bu zaman filtrlərdə toplanan mikroorqanizmlər tənəffüs yollarına daxil olaraq müxtəlif xroniki infeksiyaların yaranmasına səbəb ola bilər".
Fatimə Məmmədova
09:30 06.07.2026
Oxunuş sayı: 70