ChatGPT-nin dini mövzularda verdiyi məlumatlara etibar etmək olarmı?- Dindarların nəzərinə
Texnologiyanın sürətli inkişafı süni intellekti gündəlik həyatın ayrılmaz hissəsinə çevirib. Bir vaxtlar yalnız sadə suallara cavab verən rəqəmsal proqramlar artıq insanların məlumat axtarışında ilk müraciət etdiyi vasitələrdən biridir. Xüsusilə ChatGPT qısa müddətdə milyonlarla istifadəçinin "rəqəmsal köməkçisi"nə çevrilib. Son vaxtlarda isə diqqətçəkən məqamlardan biri insanların dini mövzularda da ChatGPT-yə müraciət etməsidir. Namaz, oruc, zəkat, halal və haram məsələləri, Quran ayələrinin mənası, hədislər və digər dini mövzularla bağlı suallar getdikcə daha çox süni intellektə yönəldilir. Bunun əsas səbəbi isə informasiyaya saniyələr ərzində və rahat şəkildə çıxış əldə etmək istəyidir. Lakin dini məsələlər digər sahələrdən fərqlənir. Bu sahədə verilən hər bir cavab insanların inancına, ibadətinə və dini baxışlarına təsir göstərə bilər. Məhz buna görə də "ChatGPT-nin dini mövzularda verdiyi məlumatlara etibar etmək olarmı?" sualı aktuallığını qoruyur. Axı süni intellekt ilahiyyatçı və ya din alimi deyil, o, yalnız mövcud məlumatlar əsasında cavab formalaşdırır.

İlahiyyatçı Fazil Əhməd bu barədə Crossmedia.az-a danışıb.
O, dini məsələlərlə bağlı ChatGPT-yə müraciət etməyin mümkün olduğunu və çox vaxt doğru rəylər verdiyini qeyd edib:
"Amma səhvlər də olur. Qəti deyə bilmərik ki, bütün sahələrdə səhv etmir. Məsələn, tarixi şəxsiyyətlərin həyatı, yaşayışı, tarixi hadisələrin xronologiyası ilə bağlı məlumatlar əksər hallarda doğru olur. Amma bəzi məsələlər var ki, daha dəqiq cavab almaq üçün mütləq fəqihə müraciət etmək lazımdır. Və ya mövzu şəriətlə bağlı deyil, kəlami, yəni əqidəvi mövzudursa, bəzən kəlam alimlərinə müraciət etmək zərurəti yaranır. Xüsusilə də əqidə ilə bağlı məsələlərdə.
Amma ümumilikdə əksər hallarda doğru rəy verir".
Müsahibimiz, bəzən özünün də müəyyən məsələlərdə süni intellektdən istifadə etdiyini vurğulayıb:
"Tibb sahəsində stomatologiya, nevrologiya, oftalmologiya və digər ixtisaslar varsa, İslamın da ayrı-ayrı sahələri var. Mən ixtisasıma aid olmayan sahələri ilə bağlı tez cavab almaq üçün ChatGPT-yə müraciət edirəm. Amma sonradan həmin cavabları müxtəlif mənbələrdən yoxlayıram. Ərəb mənbələri ilə müqayisə edirəm. Uyğun gəldiyi halda onlardan istifadə edirəm. Əlbəttə, ChatGPT-yə tam etibar etmək bir qədər çətindir. Amma yenə də təxminən 80 % hallarda normal cavablar almaq mümkündür. Xüsusilə qısa və operativ məlumat əldə etmək üçün çox faydalıdır. Bununla belə, yenə də mütəxəssisə müraciət etməyə ehtiyac var. İstər tibb sahəsində, istər avtomobillərlə bağlı, istərsə də bitkilərin xüsusiyyətləri, faydası və zərərləri haqqında hər hansı mövzuda ChatGPT-dən normal cavablar almaq mümkündür. Məncə, bütün mütəxəssislər təsdiqləyər ki, ChatGPT müxtəlif sahələr üzrə təxminən 80 faiz doğru, düzgün və etibarlı məlumat verir. Amma yenə də ona tam etibar etməyi doğru hesab etmirəm".
Fatimə Məmmədova
12:00 04.07.2026
Oxunuş sayı: 79