Çarpaz baxış

Vüqar Zifəroğlu: Media savadlılığının tədris proqramına daxil edilməsi bu sahədə ciddi dönüş yarada bilər

Dekabrın 16-22-i ölkəmizdə "Media Savadlılığı Həftəsi" elan edilib. Təşəbbüs media savadlılığının cəmiyyətdəki rolunu, aktuallığını bir daha gündəmə gətirib. Bu kontekstdə media savadlılığı yalnız fərdi bacarıq deyil, həm də cəmiyyətin ümumi inkişafına təsir edən mühüm amil kimi qəbul edilir.

Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının üzvü, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı və Mətbuat Şurasının sədr müavini filologiya elmləri doktoru Vüqar Zifəroğlu media savadlılığının vacibliyi, jurnalistikanın perspektivləri və ölkəmizdə bu sahədə atılan addımlar barədə verilən sualları cavablandırıb. 

- Azərbaycanda medianın inkişafı istiqamətində həyata keçirilən tədbirləri necə qiymətləndirirsiniz? Bu sahədə daha hansı işlər görülməlidir?

- Azərbaycan jurnalistikasının tarixi həm zəngin, həm də şərəfli hadisələrlə doludur. Bu tarix milli kimliyin formalaşması, maarifçilik hərəkatı və mədəni inkişaf ilə sıx bağlıdır. Ötən 150 ilə nəzərə saldıqda görürük ki, milli mübarizə və milli özünüdərk prosesində olduqca əhəmiyyətli rol oynamış jurnalistikamız hər zaman öz mövqeyi ilə seçilib. Bu, indi də belədir. Hazırda ölkəmizdə medianın inkişafı ilə bağlı davamlı və sistemli işin getdiyinin şahidiyik. Media dinamik və dəyişkən sahədir. Texnologiyalar inkişaf edir, jurnalistika simasını və ifadə tərzini daim dəyişir. Biz bu gün XIX əsrlə XX əsr jurnalistikası arasında nə qədər böyük fərq görürüksə, XXI əsr jurnalistikasında da bir o qədər yenilənmənin şahidiyik. Bu yeniliklər müsbət tendensiyalarla yanaşı, mənfi məqamlarla da müşahidə olunur. Təsadüfi deyil ki, biz hazırda “informasiya ekologiyası”, “informasiya manipulyasiyası”, “rəqəmsal irqçilik”, “dezinformasiya” problemləri ilə üzləşməkdəyik. Bu mənada şübhəsiz ki, maarifləndirilməni başlıca qayə olaraq qəbul edən jurnalistikamızdan cəmiyyətimizin gözləntiləri böyükdür. Biz də maksimum dərəcədə dünya jurnalistikasında gedən yeniliklərlə ayaqlaşaraq bu gözləntilərə cavab verməliyik. Təbii ki, jurnalistikanın ali dəyərlərini və prinsiplərini qorumaqla, onlara əməl etməklə. Bu mənada hər birimizin üzərinə ağır və məsuliyyətli vəzifə düşür.

Hazırda müasir mediamızın qarşısında duran əsas çağırışlar qloballaşan dünyada medianın rolu və funksiyasının dəyişməsi, informasiya texnologiyalarının inkişafı ilə bağlıdır.

- Azərbaycanda media savadlılığı ilə bağlı vəziyyəti necədir? Bu mövzuda maarifləndirmə işlərini artırmaq üçün hansı yeni tədbirlər həyata keçirilə bilər?

- Son illərdə ölkəmizdə media savadlılığına diqqət artır. “Media haqqında” Qanunda da bu məsələ ayrıca maddədə öz əksini tapıb. Media savadlılığı – insanların mediada təqdim olunan məlumatları analiz etmə, faktları fərqləndirmə və media vasitələrindən düzgün istifadə bacarıqlarını əhatə edir.

Ümumilikdə, Azərbaycanda media savadlılığı hələ geniş yayılmayıb. Bir çox insanlar xüsusilə sosial mediada yayılan məlumatlara tənqidi yanaşmadan inanmağa meyllidir. Bu, bir sıra hallarda təəssüf ki, informasiya manipulyasiyasının və yalan məlumatların yayılmasına səbəb olur.

Media savadlılığının tədrisinin yuxarı sinif təhsil proqramına əlavə edilməsi bu istiqamətdə müsbətə doğru ciddi dönüş yarada bilər. Qeyd etmək istərdim ki, bununla əlaqədar qardaş Türkiyənin müvafiq təcrübəsini öyrənmək faydalı olar.

Eyni zamanda, Medianın İnkişafı Agentliyinin, Azərbaycan Mətbuat Şurasının cəmiyyətin bu istiqamətdə maarifləndirilməsi üçün gördüyü işlər olduqca əhəmiyyətli və təqdirəlayiqdir. Unutmayaq ki, media savadlılığı insanlar üçün gündəlik həyatlarında medianın və məlumatın rolunu anlamaq, ondan faydalı şəkildə istifadə etmək üçün vacibdir. Bu bacarıq həm də daha məlumatlı, məsuliyyətli cəmiyyətin formalaşmasına kömək edir.

- Dezinformasiya və feyk xəbərlərlə mübarizədə hökumətlərin, medianın və cəmiyyətin qarşılıqlı rolu necə olmalıdır?

- Müasir dövrdə informasiya güc, təsir və manipulyasiya vasitəsi kimi strateji əhəmiyyət daşıyır. Media qurumları cəmiyyətlərdə yalnız məlumat paylaşan platformalar deyil, həm də ictimai rəyin formalaşmasında mühüm rol oynayan təsir mexanizmləridir. Buna baxmayaraq, dünya mediasında bəzi hallarda qərəzli və birtərəfli yanaşma müşahidə olunur ki, bu da həqiqətlərin təhrif edilməsinə, stereotiplərin güclənməsinə və konfliktlərin dərinləşməsinə səbəb olur.

Dünya mediasında qərəzli informasiya siyasəti qlobal arenada həqiqətlərin təhrif edilməsinə və ictimai rəyin manipulyasiyasına yol açır. Bu siyasətin arxasında duran səbəblər, – geosiyasi maraqlar, iqtisadi təsirlər, mədəni stereotiplər və informasiya müharibələri, – yalnız bir dövlət və ya qurumun təsir sferasından kənarda deyil, daha geniş miqyasda, qlobal güc balanslarının bir hissəsi kimi özünü göstərir.

Beynəlxalq mediada Azərbaycanla bağlı nümayiş olunan qərəzli yanaşmalar bu problemlərin konkret nümunəsidir.

Bununla belə, qərəzli informasiya siyasəti ilə mübarizə yalnız dövlətlər və təşkilatlar üçün deyil, həm də cəmiyyətlər üçün bir çağırışdır. Daha obyektiv və müstəqil media quruluşunun təşviq edilməsi, media savadlılığının artırılması, həmçinin məlumat mənbələrinin müxtəlifliyinin təmin edilməsi bu problemin həllində mühüm addımlar ola bilər. Eyni zamanda, qlobal informasiya mühitində balanslı və ədalətli yanaşma təmin edilmədən davamlı sülh və tərəqqi mümkün deyil.

Bu kontekstdə Azərbaycan kimi ölkələr həm öz milli maraqlarını qorumaq, həm də beynəlxalq ictimaiyyətə daha obyektiv informasiya təqdim etmək üçün fəal və çevik informasiya strategiyaları hazırlamalıdırlar.

- Qlobal kontekstdə cəmiyyətin media resurslarını etibarlı mənbə kimi dəyərləndirməsi üçün hansı meyarlar müəyyən olunmalıdır?

- Bu mənada müəyyən meyarların tətbiqi vacibdir. Bu meyarlar media istehlakçılarında daha məlumatlı və tənqidi yanaşma vərdişlərinin formalaşmasına kömək edə bilər. İlk növbədə xəbərlər və məqalələr etibarlı, təsdiq olunmuş mənbələrə əsaslanmalıdır. İstinad edilən mənbələrə birbaşa müraciət olunmalı və mümkün hallarda bu mənbələr açıq şəkildə auditoriyaya təqdim edilməlidir. Eyni zamanda, müxtəlif tərəflərin mövqeyi obyektiv şəkildə işıqlandırılmalıdır. Xəbərlərdə və analitik materiallarda tərəfsizlik prinsipinin aliliyi mütləq şəkildə qorunmalıdır. Media istehlakçılarını məlumatların doğruluğunu yoxlamağa həvəsləndirmək üçün fakt-yoxlama platformaları ilə əməkdaşlıq edilməlidir. Tənqidi düşüncə mədəniyyətini təşviq etmək məqsədilə təlimlər və maarifləndirmə proqramları təşkil olunmalıdır. Bundan əlavə, jurnalist etikasının norma və prinsiplərinə riayət, hesabatlılıq, texnoloji dəstək, təhlükəsizlik olduqca önəmli meyarlardır. Bu meyarların tətbiqi cəmiyyətin media resurslarına olan etibarını artırmaqla yanaşı, daha şəffaf və məsuliyyətli media mühitinin formalaşmasına səbəb ola bilər.

- Jurnalistlərin özlərinin media savadlılığı səviyyəsi nə qədər əhəmiyyətlidir və onların bu bacarıqlarını artırmaq üçün hansı addımlar atılmalıdır?

- Əgər sən peşəkar jurnalistsənsə, bu o deməkdir ki, artıq mediasavadlısan. Cəmiyyətin mediasavadlı olmasına təşviq işində peşəkar jurnalistlərdən yararlanmaq olduqca əhəmiyyətlidir. Təəsüf ki, bizdə hələ də media savadlılığının jurnalistlərə aid olması fikri qalır. Lakin media savadlılığı cəmiyyət üçündür və onun bu istiqamətdə maariflənməsini nəzərdə tutan anlayışdır. Jurnalistlər üçün isə əsas olan informasiya savadlılığıdır. İnformasiya savadlılığı jurnalistlərin informasiya ilə işləmək bacarığını, bu prosesin müxtəlif istiqamətlərini və müxtəlif informasiya mənbələrini tapmaq, əldə etmək, qiymətləndirmək, səmərəli istifadə etmək bacarıqlarını özündə ehtiva edir. Bu bacarıq jurnalistin doğru məlumatı tapmasına, mötəbər mənbələri seçməsinə və bu məlumatları analitik şəkildə qiymətləndirməsinə kömək edir. İnformasiya savadlılığı, xüsusilə sürətlə dəyişən rəqəmsal dünyada vacibdir, çünki sosial media internetdə yayılan məlumatlar arasında yalan məlumatları və manipulyasiya olunmuş məzmunları anlamaq üçün kritik bir bacarıq kimi ortaya çıxır.

- Gələcəkdə fərdi yaş qrupları üçün media savadlılığı proqramları, habelə şagirdlər, tələbələr üçün media savadlılığı dərsləri təşkil oluna bilərmi? Media savadlılığını yanız fərdlər səviyyəsində deyil, həm də institusional səviyyədə inkişaf etdirmək mümkündürmü?

- Əlbəttə mümkündür, hətta vacibdir. Bu, XXI əsrin tələbidir. Jurnalistika ixtisası üzrə təhsil alanlar bu adda fənni keçirlər. Lakin bu kifayətdirmi? Ya da sualı belə qoyum: bu gün media texnologiyalarından bu və ya başqa dərəcədə yalnız jurnalistlər istifadə edirlər? Media savadlılığının təhsil proqramına daxil edilməsi müasir dövrdə çox vacib bir addımdır və beynəlxalq praktikada geniş tətbiq edilir. Məsələn, qardaş Türkiyəmizdə. Rəqəmsal erada yanlış məlumatların yayılması, manipulyasiya və dezinformasiya ilə mübarizə aparmaq üçün insanlar media məzmununu tənqidi şəkildə qiymətləndirmək bacarıqlarına malik olmalıdırlar. Bu olduqca önəmli şərtdir.

Yuxarı siniflərdən başlayaraq eyni adlı fənnin tədrisi nəticəsində şagirdlər tənqidi düşüncə və faktyoxlama bacarıqlarına yiyələnəcəklər, dezinformasiya və manipulyasiya riskləri ilə mübarizə güclənəcək, daha məlumatlı və məsuliyyətli cəmiyyət formalaşacaq. Media savadlılığını tədris proqramlarına əlavə etmək gələcək nəsillərin həm vətəndaş, həm də rəqəmsal istehlakçı kimi daha fəal və təhlükəsiz olmasını təmin edəcək. Unudulmamalıdır ki, bunun həm də ciddi sosial-psixoloji təsirləri var.

- Azərbaycan mediasında milli dəyərlərin qorunması ilə çağdaş milli jurnalistikanın müasir beynəlxalq jurnalistikada yaranan tendensiyalara uyğunlaşması arasında tarazlıq necə təmin olunmalıdır, hansı imkanlar mövcuddur?

- Bayaq da dedim: dünya jurnalistikasında gedən yeniliklərlə ayaqlaşaraq bu gözləntilərə cavab verməliyik, təbii ki, prinsiplərimizi, dəyərlərimizi qorumaqla, onlara əməl etməklə. Milli dəyərlər və media: olduqca ciddi və vacib məqamdır. XXI əsr kəskin ziddiyyətləri ilə zəngin olan qarışıq «mədəni dünya»nı təcəssüm etdirir. Zahirən bəzəkli görünən bu dünya öz qəddar qanunları ilə maraqlar və iddialar üzərində qurulmaqla yanaşı, mənəvi dəyərlərin deqradasiyasına da səhnə olmaqdadır. Bu mənada mediamızın üzərinə əhəmiyyətli vəzifə düşür. Mediada gedən materiallarda xalqımızın əxlaq normaları gözlənilməli, məlumatlar bayağı xarakter daşımamalıdır. Biz elə bir zəmanədə yaşayırıq ki, gənclərimizin mənəvi – əxlaqi zəmində yazılmış məqalələrə böyük ehtiyacı var. Bu gün media gənclərimizin milli dəyərlər zəminində tərbiyə olunmasında güclü vasitədir. Rəqəmsal dövrdə texnoloji vasitələr bizə doğrudan da böyük imkanlar yaradır. Deməli, bu imkanlardan doğru istiqamətdə yararlanmaq lazımdır.

- Sizcə, media sahəsində texnoloji inqilab jurnalistikanın gələcəyini necə dəyişəcək və bu dəyişikliyə uyğunlaşmaq üçün nə etmək lazımdır?

- Media sahəsində texnoloji inqilab jurnalistikanın gələcəyini köklü şəkildə dəyişməkdədir. Süni intellekt, rəqəmsallaşma, böyük data analitikası və digər texnologiyalar jurnalistikanın ənənəvi üsullarını yenidən formalaşdırır. Bu dəyişikliyə uyğunlaşmaq və jurnalistikanın davamlılığını təmin etmək üçün həm fərdi jurnalistlər, həm də media quruluşları yeni yanaşmaları qəbul etməlidirlər. Bu gün VR (Virtual Reality) və AR (Augmented Reality) texnologiyaları istifadəçilərə hadisələri "yerindəcə" yaşamaq imkanı verir, immersiv jurnalistikanı inkişaf etdirir. İstəsək də, istəməsək də sosial media jurnalistikada həm mənbə, həm də platforma kimi çıxış edir. Əsas xəbər hadisələri tez-tez sosial mediada başlayır. Jurnalistlər mürəkkəb sosial, iqtisadi və siyasi problemləri anlamaq üçün böyük data bazalarını analiz edirlər, məlumatların daha aydın çatdırılması üçün interaktiv qrafiklərdən və vizual elementlərdən yararlanırlar. Təbii ki, bütün bu dəyişikliklərə hazır olmaq çox önəmlidir. Jurnalistlər süni intellekt alətlərindən, məlumat analitikası proqramlarından və avtomatlaşdırma texnologiyalarından istifadə etməyi öyrənməlidirlər. Media təşkilatları texnoloji startaplarla əməkdaşlıq qurmalı, innovativ alətləri öz iş axınlarına inteqrasiya etməlidirlər. Bir də təbii ki, davamlı təhsil. Jurnalistlər üçün texnoloji yeniliklərə dair davamlı təhsil proqramları təşkil olunmalıdır. Bu proqramlar həm akademik qurumlar, həm də media təşkilatları tərəfindən dəstəklənə bilər. Nəzərə almaq lazımdır ki, mediada texnoloji yeniliklər jurnalistləri monoton işlərdən azad edərək, daha yaradıcı və dərin analitik işlərə fokuslanmağa imkan verəcək. Eyni zamanda, jurnalistikanın həqiqəti axtarmaq və cəmiyyətə təsir göstərmək mahiyyəti dəyişməyəcək. Bu səbəbdən, yeni texnologiyalara uyğunlaşmaqla yanaşı, ənənəvi jurnalistikanın əsas prinsipləri də qorunmalıdır.

- Jurnalistlər, xüsusən gənc jurnalistlər üçün medianın etik prinsiplərini öyrənmək niyə bu qədər vacibdir?

- Jurnalist etikası – bu sahə ilə peşəkar şəkildə məşğul olan, bu peşəni öz həyatının əsas qayəsi hesab edən, yaşından asılı olmayaraq hər bir jurnalistin əməl etməsi vacib olan norma və prinsiplər toplusudur. Jurnalist etikası bu peşənin olmazsa, olmazıdır! Jurnalist peşəsinin xüsusiyyəti belədir ki, medianın fəaliyyətinin tənzimlənməsində etika ilə hüququn nisbəti çox mühüm, çox aktual əhəmiyyət kəsb edir. Jurnalistika elə peşələrdəndir ki, onu yalnız hüquq normaları çərçivəsinə yerləşdirmək mümkün olmaz. Burada özünütənzimləmə mexanizmi də olduqca önəmlidir.

Peşə etikaları sırasında jurnalist etikasının özünəməxsus yeri var. Bu peşə etikası əxlaqi-psixoloji problemlər irəli sürmək, faktların işıqlandırılmasına obyektiv yanaşmaq, onların qiymətləndirilməsi üçün yüksək əxlaqi məsuliyyət dərəcəsi müəyyən edir. Bu çoxcəhətli məsuliyyətin əsas məsələsi ideya-əxlaqi mövqeyin olması, informasiyanın həqiqiliyi və mötəbərliyidir. Jurnalist peşəsi adamların taleyinə məsuliyyətli olduğu üçün onun fəaliyyətində peşəkarlıq həmişə əxlaqilik kimi çıxış edir. Burada sözlə işin, ağılla əməlin vəhdəti, təbliğatçısı olduğu yüksək prinsiplərin və normaların özünün şəxsi davranışı və gündəlik həyatı ilə bağlı qabiliyyəti xüsusi məna kəsb edir. Jurnalist onun peşə ilə bağlı obyekti olan insanların şərəfinə və ləyaqətinə hörmət etməli, yoxlanılmamış məlumatları və şayiələri yaymamalı, habelə insanların şərəfini sarsıda bilən ifadələrə yol verməməlidir. Düzgünlük, təvazökarlıq, şəxsi ləyaqət hissi, qarşılıqlı hörmət, obyektivlik, vicdanlılıq, paklıq, şəxsiyyətin ləyaqətinə, ümumbəşəri dəyərlərə ehtiram, peşə həmrəyliyi – bunlar hər bir jurnalistin mənəvi simasının labüd keyfiyyətləridir və bu keyfiyyətlərə sadiq qalmaq onun borcudur. Ümumiyyətlə, ictimai fikrin formalaşmasında medianın, sözün rolu bu peşə sahiblərinin məsuliyyətini artırır, professional peşə etikası prinsipləri öz peşə borcunu yerinə yetirən jurnalistə etik-mənəvi normaları xatırladır.

Azərtac

12:46 21.12.2024

Oxunuş sayı: 9648

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR