Azərbaycanın zəngin mədəni irsi Malayziyada geniş maraq doğurub
Malayziyada yaşayan soydaşlarımız Azərbaycanın zəngin mədəni irsinin beynəlxalq müstəvidə tanıdılması istiqamətində fəaliyyətlərini davam etdirirlər.
Bu Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsindən Crossmedia.az-a daxil olan məlumatda qeyd olunub.
Bunlardan biri də Malayziyanın Penanq adasında yerləşən “Stonyhurst” Beynəlxalq Məktəbində keçirilən, 20-dən çox ölkənin qatıldığı festivalda Azərbaycan guşəsinin yaradılması olub. Azərbaycan icmasının fəalları Nigar və Tomas Hamerlərin, eləcə də Nigar Baxışovanın təşkilatçılığı ilə ərsəyə gələn guşədə ölkəmiz haqqında nəşrlər, suvenirlər, kəlağayılar, milli təamlar və müxtəlif məhsullar sərgilənib. Ekspozisiyanın ziyarətçilərinə Azərbaycan haqqında ətraflı məlumat verilib, milli mətbəximizin nümunələri təqdim olunub. Festivalın yekununda Azərbaycan guşəsi “Gizli inci” (“Hidden Gem Award”) nominasiyası üzrə birinci yerə, soydaşımız Nigar Hamer isə “Ən yaxşı milli geyimdə təmsil olunan valideyn” (“Best Dressed Parent”) nominasiyası üzrə ikinci yerə layiq görülüb.
Digər maraqlı layihə Malayziyada yaşayan soydaşımız Roza Ramazanovanın təşəbbüsü ilə həyata keçirilib. Belə ki, Malayziyanın Kuala Lumpur şəhərində yerləşən “International School Park City” məktəbinin nəşr etdirdiyi beynəlxalq kulinariya kitabında Azərbaycan mətbəxinə geniş yer ayrılıb. Milli kulinariyamıza marağın və onun beynəlxalq miqyasda dəyərləndirilməsinin nəticəsi olaraq Azərbaycan qutabının fotosu kitabın üz qabığını bəzəyib. Kitab məktəb daxilində satışa çıxarılıb.
Hər iki təşəbbüs Azərbaycanın zəngin mədəni irsinin və milli mətbəxinin beynəlxalq səviyyədə tanıdılmasına, mədəniyyətlərarası dialoqun inkişafına və ölkəmizin müsbət imicinin gücləndirilməsinə töhfə verib.
10:32 29.06.2026
Oxunuş sayı: 25