Suriyalı tələbələrin Azərbaycanda təhsil alması gözlənilir
Suriya parlamentinin deputatı Tarık Sulo Cevizci Bakıda keçirilən II “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” forumunda çıxışı zamanı deyib ki, Azərbaycan Suriyada məktəb tikintisinə dəstək verir, 10 məktəbin inşasını həyata keçirmək barədə qərar qəbul edilib.
Qloballaşan dünyada təhsil sadəcə bilik mübadiləsi vasitəsi deyil, həm də dövlətlər və xalqlar arasında qurulan diplomatik, mədəni və strateji körpülərin ən möhkəm təməlidir. Bu xüsusda, Suriya deputatının türkmən gənclərin Azərbaycanda ali təhsil alması ilə bağlı səsləndirdiyi arzu və təşəbbüs həm regional əməkdaşlıq, həm də ortaq milli kimlik müstəvisində böyük əhəmiyyət kəsb edir. Suriya türkmənlərinin Azərbaycanla olan çoxəsrlik tarixi, dil və mədəniyyət bağları bu məsələyə xüsusi bir həssaslıq və humanitar dəyər qazandırsa da, reallıq ondan ibarətdir ki, belə genişmiqyaslı layihələr fərdi arzulardan uzaq, tamamilə dövlətlərarası rəsmi müqavilələr, milli təhlükəsizlik prioritetləri və rəsmi hüquqi mexanizmlər çərçivəsində tənzimlənən bir prosesdir. Məsələ ilə bağlı bəzi ekspertlər Crossmedia.az-a danışıb.

Milli Məclisin deputatı Elnarə Akimova mövzunun reallığa nə qədər uyğun olduğunu şərh edib: "Bu, ilk növbədə dövlət siyasəti ilə bağlı məsələdir. Yekun qərarı yalnız dövlət başçısı verə bilər. Belə bir addım atılmazdan əvvəl məsələnin siyasi, hüquqi və ikitərəfli münasibətlər baxımından bütün tərəfləri qiymətləndirilməlidir.
Ancaq bir həqiqət də var ki, Suriya türkmənləri bizə yad deyil. Onlar ortaq tarixə, dilə, mədəniyyətə və milli köklərə sahib olduğumuz soydaşlarımızdır. Tarixi mənbələrdə də qeyd olunur ki, onların bir hissəsinin əcdadları əsrlər əvvəl Azərbaycan torpaqlarından köç etmiş türk mənşəli ailələrdir. Bu baxımdan, Suriyalı türkmən gənclərin Azərbaycanda təhsil almasına şərait yaradılması təkcə humanitar addım deyil, həm də ortaq milli-mənəvi bağlarımızın möhkəmləndirilməsi baxımından alqışlanası təşəbbüs olardı.
Əlbəttə, bütün bunlar dövlətimizin milli maraqları, təhlükəsizlik prioritetləri və rəsmi qərarları çərçivəsində həyata keçirilməlidir. Bu şərtlər təmin olunduğu halda, soydaşlarımızın Azərbaycanda təhsil alması həm onlar, həm də Türk dünyasının gələcəyi üçün mühüm töhfə verə bilər".

Təhsil eksperti Elçin Əfəndi də məsələyə münasibət bildirib: "Türkmən tələbələrin Azərbaycanda təhsil alması üçün imkanların yaradılması arzusu var və sürətlənməkdədir. Şübhəsiz ki, bu gələcəkdə əməkdaşlıq çərçivəsində, təhsil sferasına bağlı anlaşmalar və razılaşmalar olduqdan sonra həyata keçirilə biləcək bir prosesdir.
Orada, bizim Azərbaycan türklərimiz yaşayır. Bəzi ərazilərdə türkdilli şəxslər, həmçinin Suriyanın öz vətəndaşları olan ərəbdilli şəxslər də var. Yəni, onların hamısının ölkəmizdə ali təhsil alması imkanının yaradılması, düşünürəm ki, mümkün ola bilər. Amma bunun üçün dövlətlər səviyyəsində qarşılıqlı razılıq, anlaşma və əməkdaşlıq məsələləri rəsmiləşməlidir. Bu razılıq əldə olunduqdan sonra, təbii ki, belə bir vəziyyət mümkündür.
İndi bunu hər hansı bir suriyalı qrup və ya icma arzulayırsa, əlbəttə, nəzərə almaq lazımdır ki, biz hazırda onsuz da başqa-başqa xarici ölkələrdən tələbələr qəbul edirik. Bu proses sadəcə hansısa bir qrupun arzusu ilə həyata keçirilmir. Sadəcə olaraq, demək istədiyim ondan ibarətdir ki, bu vəziyyət dövlətlərarası veriləcək bir qərardır, razılıqdır. Dövlətlər arasında tələbə mübadiləsi proqramı tətbiq oluna bilər və yaxud da onlar əcnəbi tələbə kimi bizim ali təhsil müəssisələrimizə qəbul ola bilərlər".
Turqut Ansari
14:00 27.06.2026
Oxunuş sayı: 49