Bu dəhlizlərdən istifadə edən bütün tərəflər Azərbaycanın mövqeyini və maraqlarını da nəzərə almalıdır
Qlobal ticarət marşrutlarının yenidən formalaşdığı, Şərqlə Qərb
arasında yükdaşımalarının sürətlə artdığı bir dövrdə Azərbaycanın beynəlxalq nəqliyyat-logistika
sistemində rolu daha da güclənir. Ölkəmizin Avropa İttifaqına üzv dövlətlərin də
iştirak etdiyi yeni ümumi tranzit sisteminə qoşulmağa hazırlaşması bu istiqamətdə
atılan mühüm addımlardan biri hesab olunur. Mütəxəssislərin fikrincə, bu sistemə
inteqrasiya gömrük prosedurlarının sadələşdirilməsinə, yükdaşımaların sürətlənməsinə,
tranzit əməliyyatlarının daha şəffaf və səmərəli təşkilinə, eləcə də Azərbaycanın
beynəlxalq logistika mərkəzi kimi mövqeyinin möhkəmlənməsinə töhfə verə bilər.
Eyni zamanda, bu addım Orta Dəhlizin rəqabət qabiliyyətini artırmaqla ölkənin
tranzit gəlirlərinin yüksəlməsi və regionun nəqliyyat infrastrukturunun daha da
inkişafı üçün yeni imkanlar yarada bilər. Bəs yeni tranzit sisteminə qoşulmaq
Azərbaycana hansı üstünlükləri qazandıracaq və bu proses ölkənin nəqliyyat
marşrutlarının gələcək inkişafına necə təsir göstərəcək?
Mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Crossmedia.az-a açıqlama verib:

“Azərbaycanın
qoşulduğu bütün beynəlxalq nəqliyyat dəhlizləri yalnız ölkəmiz üçün deyil, həm
də region dövlətləri üçün mühüm iqtisadi imkanlar yaradır. Bu marşrutlardan
İran, Rusiya və digər qonşu ölkələr də faydalana bilirlər. Lakin burada əsas
rol Çin və Avropa arasında formalaşan yükdaşımalarına məxsusdur. Məsələn,
Avropa daha çox mövcud nəqliyyat imkanlarından istifadə etməyə çalışır. Çin isə
xüsusilə Orta Dəhlizin inkişafına ciddi investisiyalar yatırır, bu marşrutun
genişləndirilməsi və imkanlarının artırılması üçün böyük maliyyə vəsaiti
ayırır. Təbii ki, bu dəhlizlərdən istifadə edən bütün tərəflər Azərbaycanın
mövqeyini və maraqlarını da nəzərə almalıdır. Çünki ölkəmiz mühüm tranzit
qovşağıdır və onun nəqliyyat-logistika imkanlarından istifadə edilirsə, bunun
müqabilində müvafiq ödənişlər həyata keçirilməlidir”.
Ayhan
15:30 26.06.2026
Oxunuş sayı: 42