AMEA-da Vatikan Apostol Kitabxanası və Apostol Arxivinin nümayəndələri ilə görüş keçirilib
MEA-nın Rəyasət Heyətində Vatikan Apostol Kitabxanası və Apostol Arxivinin rəhbəri arxiyepiskop Covanni Çezare Paqatzi, Vatikan Apostol Kitabxanasının icraçı rəhbəri Mauro Mantovan və Vatikan Apostol Arxivinin icraçı rəhbəri Rocco Ronzani ilə görüş keçirilib.
AMEA-nın Rəyasət Heyətində keçirilən görüşdə çıxış edən akademik İsa Həbibbəyli bildirib ki, müasir Azərbaycanın beynəlxalq nüfuzunun formalaşmasında Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri olub, Ulu Öndər müstəqil dövlətçiliyimizin möhkəm təməllərini yaradıb. Vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan inkişafının yeni mərhələsinə qədəm qoyub və bu gün ölkəmiz sürətlə inkişaf edir, dünyada söz sahibi ölkələrdən biri kimi qəbul olunur.
AMEA rəhbəri diqqətə çatdırıb ki, Azərbaycan uzun illər Ermənistanın işğalçılıq siyasətinə məruz qalıb, Qarabağda tarixi, dini və mədəni irsə ciddi ziyan vurulub, məscidlər və qəbiristanlıqlar dağıdılıb. O, Qarabağ Zəfərinin Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunmuş tarixi qələbə olduğunu vurğulayıb, hazırda Qarabağda müasir tələblərə cavab verən genişmiqyaslı bərpa və quruculuq işlərinin həyata keçirildiyini bildirib.
Akademik İsa Həbibbəyli Azərbaycan ilə Vatikan arasında əməkdaşlığın yüksək səviyyədə inkişaf etdiyini diqqətə çatdıraraq, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Müqəddəs Taxt-Tacla əlaqələrə xüsusi önəm verdiklərini söyləyib.
Azərbaycanın beynəlxalq mədəni əlaqələrinin inkişafında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın və Heydər Əliyev Fondunun mühüm xidmətlərinə toxunan akademik İsa Həbibbəyli bildirib ki, Fond dünyanın müxtəlif ölkələrində həyata keçirdiyi layihələrlə Azərbaycanın tarixi və mədəni irsinin tanıdılmasına mühüm töhfələr verir. AMEA rəhbəri ötən ilin sentyabr ayında Heydər Əliyev Fondu, Azərbaycan Milli Elmlər Akademiyası, Vatikan Apostol Kitabxanası və Vatikan Apostol Arxivi arasında Anlaşma Memorandumunun imzalandığını xatırladıb, bu sənədi böyük etimad və məsuliyyət nümunəsi kimi dəyərləndirib. O, imzalanmış memorandumun elmi araşdırmalar üçün yeni imkanlar açdığını, layihə çərçivəsində artıq AMEA-nın Tarix və Etnologiya İnstitutunun bir əməkdaşının 6 aylıq müddətə Vatikana ezam olunacağını qeyd edib.
Akademik İsa Həbibbəyli birgə əməkdaşlıq çərçivəsində ilkin olaraq Vatikan Apostol Kitabxanası və Apostol Arxivində saxlanılan Azərbaycana dair arxiv materialları, əlyazmalar və sənədlərin kataloqunun hazırlanmasının əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, bu istiqamətdə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu və AMEA-nın Mərkəzi Elmi Kitabxanasının zəngin təcrübəsi var. Onun sözlərinə görə, bu kataloq gələcək tədqiqatçılar üçün mühüm elmi mənbə rolunu oynayacaq. Bildirib ki, hazırda əsasən tarix sahəsində araşdırmalar aparılsa da, fondlarda ədəbiyyat, incəsənət, mədəniyyət və digər istiqamətlər üzrə də zəngin materiallar mövcuddur. O, bu istiqamətdə hər iki tərəfin mütəxəssislərinin birgə fəaliyyətinin səmərəli nəticələr verəcəyinə əminliyini ifadə edib.
Akademik İsa Həbibbəyli Vatikan fondlarında qorunan materiallar əsasında hazırlanacaq əsərlərin Azərbaycan elminin inkişafına və dünya elminə yeni töhfələr verəcəyini söyləyib.
Vatikan Apostol Kitabxanası və Apostol Arxivinin rəhbəri arxiyepiskop Covanni Çezare Paqatzi də öz növbəsində qonaqpərvərliyə görə minnətdarlığını bildirib, ölkəmizdə olmaqdan məmnunluğunu dilə gətirib. O, anlaşma memorandumunun imzalanmasına görə Heydər Əliyev Fonduna və Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirinə minnətdarlığını ifadə edib.
Vatikan Apostol Kitabxanası və Apostol Arxivində zəngin materialların, kitabların, əlyazmaların, sənədlərin qorunduğunu deyən Covanni Çezare Paqatzi memorandum çərçivəsində birgə real layihələrin həyata keçirilməsinin zəruriliyinə toxunub.
Qonaq Vatikan Apostol Kitabxanası və Apostol Arxivində saxlanılan Azərbaycana dair arxiv materialları və sənədlərin kataloqunun hazırlanması təşəbbüsünü dəstəkləyib, bu addımın gələcəkdə aparılacaq tədqiqatlar zamanı alimlərin işini asanlaşdıracağını söyləyib.
Görüşdə, həmçinin Vatikan Apostol Kitabxanasının icraçı rəhbəri Mauro Mantovan və Vatikan Apostol Arxivinin icraçı rəhbəri Rocco Ronzani də çıxış edərək Bakının tarixi memarlığından heyran qaldıqlarını, Azərbaycan alimləri ilə əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər. Qeyd ediblər ki, inventarlaşdırma, kataloqun hazırlanması və digər istiqamətlərdə bilik mübadiləsi gələcək əməkdaşlığımız üçün faydalı olacaq.
Çıxışlardan sonra qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkilləri çəkdirilib. Qonaqlar, həmçinin AMEA-nın Rəyasət Heyətinin binası ilə də tanış olublar.
Görüşdə Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfiri İlqar Muxtarov, Heydər Əliyev Fondunun Beynəlxalq əlaqələr departamentinin rəisi, millət vəkili Soltan Məmmədov da iştirak ediblər.
Qeyd edək ki, ötən ilin sentyabrında Heydər Əliyev Fondu, Azərbaycan Milli Elmlər Akademiyası ilə Vatikan Apostol Kitabxanası və Apostol Arxivi arasında anlaşma memorandumu imzalanıb. Memorandumu Müqəddəs Taxt-Tacda Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Apostol Kitabxanası və Apostol Arxivinin rəhbəri arxiyepiskop Covanni Çezare Paqatzi imzalayıblar.
13:45 26.06.2026
Oxunuş sayı: 52