IV Beynəlxalq Hematologiya Mütəxəssisləri Konqresi işə başlayıb
Azərbaycan Hematologiya Mütəxəssisləri İctimai Birliyinin (AHMİB) təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili”nə və ictimai birliyin 5 illiyinə həsr olunmuş IV Beynəlxalq Hematologiya Mütəxəssisləri Konqresi işə başlayıb.
Crossmedia.az xəbər verir ki, iki gün davam edəcək konqresin keçirilməsində əsas məqsəd hematologiya və yanaşı ixtisaslar üzrə əldə edilən yeni nailiyyətləri müzakirə etmək, əsasən də gənc nəsil həkimlərin inkişafına, elmi-praktik biliklərinin artırılmasına töhfə verməkdir.
Açılış nitqi ilə çıxış edən Azərbaycan Hematologiya Mütəxəssisləri İctimai Birliyinin sədri Valeh Hüseynov ölkəmizdə keçirilən beynəlxalq konfransların ənənə halına çevrildiyinə diqqət çəkib: “Qan xəstəliklərinin ən müasir diaqnostikası və müalicəsi üsullarının müzakirə edilməsi baxımından bu kimi konqreslərin keçirilməsi vacibdir. Hazırda keçirilən VI Beynəlxalq Hematologiya Mütəxəssisləri Konqresində 82 mütəxəssis məruzələrlə çıxış edəcək. Onlardan 31 nəfəri xarici mütəxəssisdir. Konqresdə müzakirə olunaacaq mövzular gənc mütəxəssislərin yetişməsində, fikir mübadiləsinin genişlənməsində böyük rol oynayacaq”.
İctimai birliyin sədri irsi qan xəstəliklərinin ölkəmiz üçün aktual mövzu olduğunu deyib: “Bunlar əsasən talassemiya və hemofiliya xəstəlikləridir. Ancaq qeyd etmək istəyirəm ki, Azərbaycanda bu sahədə dövlət proqramları fəaliyyət göstərir və xəstəliklərin müalicəsi istiqamətində çox ciddi inkişaf var”.
Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov Azərbaycanın səhiyyənin inkişafı yönündə öz tarixinin ən uğurlu dönəmlərini yaşadığını vurğulayıb: “Digər bir çox sahədə olduğu kimi qan xəstəliklərinin erkən aşkarlanması və müalicəsində olduqca uğurlu nəticələr müşahidə edilir. Beynəlxalq Hematologiya Mütəxəssisləri Konqresində yerli və xarici mütəxəssislərin xəstəliklərin müalicəsi ilə bağlı fikir mübadiləsi aparmağı gənc həkimlər, eyni zamanda, xəstələr üçün müsbət nəticələr əldə olunmasına kömək edəcək”.
Daha sonra Türkiyə Hematologiya Dərnəyinin sədri Muhlis Cem Ar tibbi təhsilin artırılmasının, davamlı müzakirələrin hər iki ölkənin hematologiya mütəxəssisləri üçün vacib olduğunu deyib və konqresin işinə uğurlar arzulayıb.
Konqresdə “Hamiləlikdə leykemiya”, “Uşaqlarda trombositopeniyalara yanaşma”, “Hematologiyada son nailiyyətlər”, “Tibbi genetika”, “Ümumi hematologiyada təcili hallar” və digər mövzular müzakirə edilib.
Qeyd edək ki, AHMİB ölkəmizin hematologiya mütəxəssislərini öz sıralarında birləşdirən elmi cəmiyyət kimi 2018-ci ildən fəaliyyətə başlayıb, elə həmin ildən ölkəmizin bütün regionlarında simpoziumlar təşkil edir, elmi toplantılar keçirir.
08:20 20.12.2024
Oxunuş sayı: 5416