Livan məsələsi qlobal böhrana çevrilib - MÜSAHİBƏ
Qlobal siyasətin və təhlükəsizlik memarlığının ən həssas nöqtəsi olan Yaxın Şərq, bu gün hərbi ritorika ilə pərdəarxası danışıqların kəsişdiyi olduqca kritik və tarixi bir mərhələyə qədəm qoyub. ABŞ və İran arasında onilliklərdir davam edən strateji rəqabət, artıq sadəcə hərbi təhdidlərlə deyil, tərəflərin bir-birini güzəştə məcbur etmək istədiyi mürəkkəb bir siyasi gedişatla xarakterizə olunur. Vaşinqtonun tətbiq etdiyi ağır iqtisadi sanksiyalar və diplomatik təzyiq rıçaqları qarşısında, Tehranın öz daxili siyasi sistemini qorumaq və regional təsir rıçaqlarını əldə saxlamaq müqaviməti, bölgədə klassik mənada "qalib və məğlub" anlayışını sıradan çıxarır. Bu vəziyyət tərəfləri bir-birini tamamilə yox etməkdən ziyarə, kövrək və müvəqqəti bir strateji balans yaratmağa məcbur edir.
Eyni zamanda, Livandakı hərbi-siyasi dalğalanmalar, İsrailin atəşkəs proseslərinə qarşı nümayiş etdirdiyi mövqe və ABŞ-nin daxili siyasi dinamikasındakı dəyişikliklər bu böyük gərgin tənliyin gələcək taleyini müəyyən edən ən əsas faktorlar kimi önə çıxır.

Məsələ ilə bağlı politoloq Aytən Qurbanova Crossmedia.az-ın suallarını cavablandırıb.
- ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, İran çarəsizlikdən danışıqlara məcbur olub. Bununla belə, nəticəni İranın qələbəsi kimi təqdim edənlər də var. Siz necə düşünürsünüz, qalib kim oldu?
- Beynəlxalq münasibətlərdə xüsusilə hərbi-siyasi qarşıdurmaların nəticələrini yalnız emosional və ya siyasi bəyanatlar əsasında qiymətləndirmək doğru yanaşma deyil. Təbii ki, ABŞ Prezidenti Donald Trampın İranın təzyiqlər nəticəsində danışıqlar masasına gəldiyi barədə açıqlaması Vaşinqtonun mövqeyini əks etdirir. Rəsmi Vaşinqton hesab edir ki, iqtisadi sanksiyalar, hərbi təzyiq və diplomatik təcrid siyasəti İranın mövqeyinə təsir göstərərək onu kompromisə sövq edib. Lakin İran hadisələrə fərqli istiqamətdə yanaşır. Rəsmi Tehranın mövqeyində konkret şəkildə vurğulanır ki, dövlət institutları qorunub saxlanılıb, ölkənin siyasi sistemi dəyişməyib və İran regional aktor kimi danışıqlar prosesində iştirakını davam etdirir. Bu nöqteyi-nəzərdən yanaşdıqda, İran daxilində də nəticələr müəyyən siyasi uğur kimi təqdim olunur. Siyasi realizm nəzəriyyəsi nöqteyi-nəzərindən yanaşdıqda isə burada klassik mənada qalib və məğlub anlayışlarından daha çox qarşılıqlı çəkindirmə və məcburi kompromis elementi müşahidə olunur. Hər iki tərəf genişmiqyaslı müharibənin iqtisadi və təhlükəsizlik baxımından yaratdığı riskləri nəzərə alaraq diplomatik həll yoluna üstünlük verməyə məcbur olub. Buna görə də hazırkı mərhələdə tam qalib tərəfdən deyil, daha çox müvəqqəti strateji balansın formalaşmasından danışmaq mümkündür. Son nəticə isə yekun sazişin şərtlərindən və onun icrasından asılı olacaq.
- Livanda əməliyyatların hələ də davam etməsi ABŞ–İran münasibətlərinə necə təsir göstərə bilər?
- Livan məsələsi hazırda ABŞ–İran münasibətlərinin gələcəyini müəyyən edən əsas amillərdən biridir. Son günlər əldə olunan razılaşmalara baxmayaraq, İsrail və Hizbullah arasında gərginliyin tam aradan qalxmaması Vaşinqton və Tehran arasında etimad mühitinin formalaşmasını çətinləşdirir. İran uzun illərdir ki, Livanı regional təhlükəsizlik strategiyasının mühüm elementi hesab edir. Ona görə də, İsrailin Livanda hərbi əməliyyatları davam etdirməsi Tehranda ABŞ-nin proseslərə nəzarət imkanları barədə suallar yaradır. Digər tərəfdən isə Tramp administrasiyası da İranın regiondakı təsir imkanlarının məhdudlaşdırılmasını prioritet hesab edir. Mövcud şəraitdə Livanda hərbi əməliyyatların yenidən genişlənməsi ABŞ–İran dialoquna mənfi təsir göstərə və beləliklə də, tərəflər arasında formalaşmağa başlayan diplomatik kanalları zəiflədə bilər. Əksinə, Livan cəbhəsində dayanıqlı atəşkəsin təmin olunması ABŞ–İran danışıqlarının irəliləməsinə əlavə stimul verə bilər. Ona görə də, Livan məsələsi artıq regional deyil, qlobal təhlükəsizlik gündəliyinin mühüm hissəsinə çevrilib.
- ABŞ-də noyabrda keçiriləcək aralıq seçkilərdən sonra eskalasiyanın yenidən bərpa olunması ehtimalı nə qədərdir?
- ABŞ-də seçki prosesləri ənənəvi olaraq xarici siyasət qərarlarına müəyyən təsir göstərir. Aralıq seçkilərdən sonra Konqresdə qüvvələr balansının dəyişməsi İran siyasətinə də təsirsiz qalmaya bilər. Əgər mövcud diplomatik proseslər nəticə verməzsə və ya nüvə proqramı ətrafında yeni fikir ayrılıqları yaranarsa, Vaşinqtonun Tehrana qarşı daha sərt siyasətə qayıtması ehtimalı istisna deyil. Bununla yanaşı son qarşıdurmalar göstərdi ki, həm ABŞ, həm də İran genişmiqyaslı müharibənin ağır iqtisadi və geosiyasi nəticələrini nəzərə almağa məcburdur. Hesab edirəm ki, seçkilərdən sonra ritorikanın sərtləşməsi və məhdud gərginliyin artması ehtimalı mövcuddur. Lakin tərəflərin birbaşa hərbi qarşıdurmaya qayıtması hazırkı mərhələdə nisbətən aşağı ehtimallı ssenari kimi görünür. Çünki həm Vaşinqton, həm də Tehran diplomatik mexanizmlərin tamamilə iflasa uğramasının region üçün daha böyük risklər yaradacağını anlayır.
- İsrail atəşkəslə bağlı destruktiv mövqe nümayiş etdirməyə davam edərsə, Vaşinqton–Təl-Əviv münasibətləri necə inkişaf edə bilər?
- ABŞ və İsrail arasında münasibətlər strateji xarakter daşıyır və onilliklər ərzində formalaşmış təhlükəsizlik üzrə əməkdaşlığa söykənir. Ona görə də, ayrı-ayrı böhranlar bu münasibətlərin əsaslarını sarsıtmaq gücündə deyil. Digər tərəfdən isə əgər İsrail regional atəşkəs təşəbbüslərinə qarşı çıxmağa və ya onları pozmağa davam edərsə, Vaşinqtonla Təl-Əviv arasında taktiki fikir ayrılıqları dərinləşə bilər. Son hadisələr göstərir ki, Tramp administrasiyası Livan istiqamətində atəşkəsin qorunmasını ABŞ–İran danışıqlar prosesinin mühüm şərti kimi qiymətləndirir. Belə vəziyyətdə ABŞ tərəfindən İsrailə diplomatik təzyiqlərin artması, bəzi məsələlər üzrə koordinasiya mexanizmlərinin yenidən nəzərdən keçirilməsi və siyasi ritorikada müəyyən sərtləşmənin müşahidə olunması mümkündür. Lakin hərbi əməkdaşlıq, təhlükəsizlik sahəsində koordinasiya və regional strateji maraqlar nöqteyi-nəzərindən yanaşdıqda, Vaşinqton–Təl-Əviv münasibətlərində fundamental dəyişiklik gözlənilmir. Nəticə etibarilə, yaxın perspektivdə ABŞ–İran münasibətlərinin taleyi üç əsas amildən asılı olacaq. Nüvə danışıqlarının nəticələri, eləcə də, Livanda təhlükəsizlik vəziyyəti və İsrailin regional proseslərə münasibəti. Məhz bu amillər Orta Şərqdə yeni geosiyasi balansın formalaşıb-formalaşmayacağını müəyyən edəcək.
Turqut Ansari
12:30 22.06.2026
Oxunuş sayı: 135