Müharibənin bitəcəyi tarix açıqlandı: Həm Rusiya, həm də Ukrayna son kartlarını oynayır
XXI əsrin müharibə doktrinası Ukrayna cəbhəsində unikal bir təzad yaşayır: bir tərəfdən strateji dərinliklərdə dronların idarə etdiyi yüksək texnoloji asimmetriya hökm sürür, digər tərəfdən isə təmas xəttində Birinci Dünya Müharibəsini xatırladan amansız resurs və canlı qüvvə yıpranması davam edir. Göylərdəki bu virtual zərbələr Moskvanın hərbi gücünün tükənməsi deyil, sadəcə fırtınadan əvvəlki səssizliyin bir hissəsidir. Həm Kiyevin texnoloji manevrləri, həm də Kremlin pərdəarxası irimiqyaslı səfərbərlik hazırlıqları cəbhədə böyük bir qırılma nöqtəsinin yaxınlaşdığını göstərir. Bu isə o deməkdir ki, müharibənin yekun taleyi rəqəmsal ekranlarda deyil, yayın sonunda gözlənilən və canlı qüvvənin həlledici rol oynayacağı irimiqyaslı yerüstü toqquşmalarda müəyyən olunacaq.

Məsələ ilə bağlı hərbi ekspert Ramin Məmmədli Crossmedia.az-a açıqlama verib: "Müharibənin forması artıq dəyişib: Ukrayna müharibəsinin forması başqa bir mərhələyə qədəm qoyub. Bu gün biz görürük ki, Ukrayna tərəfindən müharibədə fərqli bir taktika tətbiq olunur. Müasir texnologiyalardan-dronlardan və müxtəlif təyinatlı pilotsuz uçuş aparatlarından istifadə etməklə düşmənin dərinlikdə yerləşən strateji məntəqələrinə zərbələr endirilir. Amma təmas xəttində, yəni yerüstü əməliyyatlarda vəziyyət tamamilə fərqlidir. Hazırda daha çox mövqe döyüşləri gedir. Rusiya, xüsusilə Donetsk vilayəti ərazisində yerüstü hücum əməliyyatlarını daha da genişləndirməyə çalışır, mövqelərini möhkəmləndirir və canlı qüvvəsinin sayını artırır.
Rəsmi məlumatlara görə, Ukrayna Silahlı Qüvvələrində canlı qüvvə ilə bağlı müəyyən problemlər var. Eyni problemləri Rusiya da yaşayır. Ona görə də hər iki tərəf hazırkı mərhələdə irimiqyaslı əməliyyatlara başlamaq üçün hazırlıq görür. Mənim müşahidələrim, analizlərim və əldə etdiyim informasiyalar onu deməyə əsas verir ki, yaxın vaxtlarda, yəqin ki, yayın sonuna yaxın Rusiyada daha geniş səfərbərlik elan olunacaq. Həm daxili imkanlar, həm də əsasən müqaviləli hərbçilərin -muzdluların- hesabına canlı qüvvənin sayı artırılacaq. Nəticədə Rusiya ordusu təmas xəttində irimiqyaslı hücum əməliyyatlarına başlayacaq".
Ekspert onu da bildirib ki, Rusiyanın zəifləməsi hələ müşahidə olunan hal deyil: "Hazırkı vəziyyətdə, Moskva şəhərinə endirilən dron zərbələrini Rusiya Silahlı Qüvvələrinin zəifləməsi kimi dəyərləndirməməliyik. Çünki mövcud coğrafi şərait və vəziyyət Rusiya ordusunun hazırkı mərhələdə daha aktiv yerüstü əməliyyatlar keçirməsinə imkan vermir. Ukrayna ordusuna gəldikdə isə, biz yayın sonlarına yaxın yerüstü əməliyyatların daha aktiv fazaya keçəcəyini görəcəyik. Düşünürəm ki, bu ilin sonuna qədər bir sıra məqamlara aydınlıq gələcək və müharibənin taleyi həll olunacaq".
Turqut Ansari
11:35 22.06.2026
Oxunuş sayı: 55