Zurab Xonelidzeyə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı təqdim olunub
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov diplomat, alim, professor Zurab Xonelidze ilə görüşüb.
Crossmedia.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Qonağı səmimi salamlayan Komitə sədri Azərbaycan ilə Gürcüstan arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin, eləcə də humanitar və mədəni əlaqələrin inkişafında diaspor və akademik əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər, əməkdaşlığın genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Zurab Xonelidze səmimi qəbula və diqqətə görə minnətdarlığını ifadə edib. O, Azərbaycan ilə Gürcüstan arasında dostluq münasibətlərinin, elmi və humanitar əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirib.
Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı Zurab Xonelidzeyə təqdim edilib.
Məlumat üçün bildirək ki, Zurab Xonelidze müxtəlif dövrlərdə Gürcüstan Xalq Təhsili Nazirliyində (o cümlədən nazir müavini vəzifəsində), Gürcüstan Ali Sovetində, Suxumi Dövlət Universitetində rektor vəzifəsində çalışıb. Müstəqil Gürcüstan tarixində Gürcüstan Həmkarlar İttifaqlarının ilk seçilmiş sədri, siyasi elmlər doktoru və professor olan alim 70-dən çox elmi əsər və monoqrafiyanın müəllifidir. Onun beynəlxalq münasibətlər sahəsində yeni yanaşma kimi qəbul edilən “Universitet Diplomatiyası” monoqrafiyası dünyanın 12 dilinə tərcümə olunub.
13:56 19.06.2026
Oxunuş sayı: 50