Macarıstan Aİ sənədində Ukraynanın “sürətləndirilmiş üzvlük” bəndini çıxartdırdı
Macarıstan Avropa İttifaqına (Aİ) üzv ölkələrin dövlət və hökumət başçılarının sammitinin yekun sənədindən Ukraynanın Aİ-yə sürətləndirilmiş üzvlüyünə dair ifadənin çıxarılmasına nail olub.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
Məlumata görə, 4 saat davam edən intensiv müzakirələrdən sonra gündəliyin birinci bəndi üzrə razılaşma əldə edilib. Yekun sənədə yalnız bir neçə il əvvəl konsensusla qəbul olunmuş ümumi mətn daxil edilib.
Sənədin hazırlanması prosesi boyunca Macarıstan tərəfinin təklifləri ilə mətn əhəmiyyətli dərəcədə dəyişdirilib. Son mərhələdə isə ölkənin təşəbbüsü ilə Ukraynanın Aİ-yə üzvlük prosesinə dair “sürətləndirilmiş inteqrasiya” ifadəsi sənəddən çıxarılıb.
Bildirilib ki, bu dəyişiklik çətin danışıqlar nəticəsində əldə olunub və üzv dövlətlər arasında yekun deklarasiyanın qəbuluna imkan yaradıb.
Macarıstan Baş naziri Viktor Orban qeyd edib ki, “ilk dəfə 1,5 il sonra bütün üzv ölkələrin qəbul etdiyi yekun deklarasiya” mümkün ola bilər.
O əlavə edib ki, proses kompromis əsasında aparıldıqda və tərəflər yalnız qarşıdurma deyil, razılaşma yolu axtardıqda nəticə əldə etmək mümkündür.
09:19 19.06.2026
Oxunuş sayı: 63