ABŞ Konqresində yeni təşəbbüs: 907-ci düzəliş təmamilə ləğv olunur
Ötən gün Prezident İlham Əliyevin ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Abraham Hamadeni qəbul etməsi Azərbaycan–ABŞ münasibətlərinin hazırkı mərhələsi ilə bağlı müzakirələri yenidən aktuallaşdırıb. Son illərdə tərəflər arasında siyasi dialoq, enerji təhlükəsizliyi, regional sabitlik, nəqliyyat-logistika marşrutları və iqtisadi əməkdaşlıq istiqamətində müxtəlif təmaslar müşahidə olunsa da, münasibətlərin gələcək trayektoriyası ilə bağlı fərqli qiymətləndirmələr mövcuddur. Xüsusilə Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqlar fonunda Vaşinqton və Bakı arasında münasibətlərin hansı istiqamətdə inkişaf etdiyi, qarşılıqlı maraqların hansı səviyyədə üst-üstə düşdüyü və yeni əməkdaşlıq imkanlarının nə dərəcədə real olduğu diqqət çəkən əsas məsələlərdəndir. Bu fonda sual yaranır ki, bu gün Azərbaycan–ABŞ münasibətlərini necə qiymətləndirmək olar və mövcud təmaslar ikitərəfli əlaqələrin yeni mərhələyə keçdiyini göstərirmi?
Mövzu ilə bağlı Milli Məclisin Beynəlxalq əlaqələr komitəsinin sədri Səməd Seyidov Crossmedia.az-a açıqlama verib:

“Azərbaycan-ABŞ münasibətləri artıq köklü şəkildə dəyişməkdədir və demək olar ki, yeni mərhələyə qədəm qoyub. Əslində, 8 avqust 2025-ci ildə Vaşinqtonda paraflanmış sülh sazişi, eyni zamanda Azərbaycan–ABŞ arasında strateji əməkdaşlığın dərinləşdirilməsi və bu istiqamətdə əməkdaşlıq xartiyasının hazırlanması, eləcə də 907-ci düzəlişin dayandırılması münasibətlərin tamamilə yeni mərhələyə yüksəldiyini göstərir. Heç də təsadüfi deyil ki, artıq ABŞ Konqresində 907-ci düzəlişin sadəcə dayandırılması deyil, tam ləğvi ilə bağlı təşəbbüslər irəli sürülür. Bildiyiniz kimi, konqresmen Anna Paulina Luna bu istiqamətdə qanunvericilik təşəbbüsünün müəlliflərindən biridir. Eyni zamanda, dünən cənab Prezident tərəfindən qəbul edilən konqresmen Abraham Hamadeh də həmin təşəbbüsün müəllifləri arasında yer alır”.
Deputat əlavə edib ki, bu baxımdan münasibətlərin inkişaf dinamikası kifayət qədər aydın görünür və hesab edirəm ki, hazırda gördüyümüz proseslər hələ başlanğıcdır: “Hazırda təxminən 8 milyard dollara yaxın iqtisadi layihələrin müzakirəsi aparılır, TRIPP layihəsinin icrası, logistika və nəqliyyat istiqamətində əməkdaşlıq imkanları nəzərdən keçirilir. Ümumilikdə çoxşaxəli planlar mövcuddur və gözlənti ondan ibarətdir ki, bu layihələrin əhəmiyyətli hissəsi mərhələli şəkildə reallaşdırılacaq”.
Ayhan
09:00 19.06.2026
Oxunuş sayı: 59