Ukraynanın Aİ üzvlüyü ilə bağlı fikir ayrılığı dərinləşir
Fransa və Niderland Ukraynanın Avropa İttifaqına sürətləndirilmiş qaydada qəbul olunması təşəbbüsünə ən çox müqavimət göstərən ölkələr sırasındadır.
Crossmedia.az xəbər verir ki, bu barədə “Euractiv” portalı Brüsseldəki mənbəyə istinadla məlumat yayıb.
Məlumata görə, hər iki ölkə Ukraynanın Aİ-yə üzvlük prosesinin sürətləndirilməsinə ehtiyatla yanaşır və namizəd ölkələr üçün tətbiq olunan prosedurların qorunmasının tərəfdarıdır.
Nəşrin sitat gətirdiyi avropalı diplomat bildirib ki, Albaniyanın üzvlük yolunda 11 il sərf etdiyi halda, Ukrayna üçün bu prosesin qısa müddətdə başa çatdırılması suallar doğurur.
“Albaniyaya 11 il lazım olubsa, niyə Ukrayna üçün bunu üç həftəyə etməliyik?” – deyə diplomat qeyd edib.
Mənbənin sözlərinə görə, Ukraynanın Aİ-yə inteqrasiyası məsələsi üzv dövlətlər arasında müzakirə mövzusu olaraq qalır və bu istiqamətdə yekdil mövqe hələ formalaşmayıb.
17:15 18.06.2026
Oxunuş sayı: 45