Moldovadakı həftəsonu məktəbində vətənpərvərlik dərsi keçirilib
Moldovanın paytaxtı Kişineuda fəaliyyət göstərən Moldova Azərbaycanlıları Konqresinin nəzdindəki həftəsonu məktəbində 15 İyun – Milli Qurtuluş Gününə həsr olunan dərs keçirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Dərsdə İkinci Qarabağ müharibəsi qaziləri, tanınmış opera müğənnisi Gülnarə Raileanu, Moldova Azərbaycanlıları Konqresinin nümayəndələri, eləcə də həftəsonu məktəbinin müəllim və şagirdləri iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Daha sonra şagirdlərə Azərbaycan dövlətçiliyinin formalaşması və möhkəmlənməsində mühüm rol oynayan 15 İyun – Milli Qurtuluş Gününün tarixi əhəmiyyəti və müstəqilliyimizin qorunmasında Ümummilli Lider Heydər Əliyevin əvəzolunmaz fəaliyyəti barədə məlumat verilib.
Qazilər öz döyüş xatirələrini şagirdlərlə bölüşərək Vətən müharibəsində Azərbaycan torpaqlarının azadlığı uğrunda göstərdikləri cəsarət və fədakarlıqlardan danışıblar.
Şagirdlər “Çırpınırdı Qara dəniz” mahnısını səsləndirib, rəqs nömrələri təqdim ediblər. Görüşün yaddaqalan məqamlarından biri də şagirdlərin qazilərə ünvanladıqları məktublar olub. Uşaqlar həmin məktubların dostluq və həmrəylik rəmzi kimi Azərbaycanda Vətən müharibəsi şəhidlərinin övladlarına çatdırılmasını xahiş ediblər.
14:33 18.06.2026
Oxunuş sayı: 41