İlham Əliyevin mesajı: Azərbaycan -Türkiyə əməkdaşlığı regional sabitliyə töhfədir
Azərbaycan Prezidenti İlham Əliyevin “Rossiya Seqodnya” beynəlxalq media qrupunun baş direktoru Dmitri Kiselyova verdiyi müsahibə ölkə daxilində və xaricində geniş əks-səda doğurub.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev Crossmedia.az-a müsahibəni şərh edərək onun Azərbaycanın iqtisadi, siyasi və hərbi mövqelərinin, eyni zamanda, beynəlxalq münasibətlərdəki rolunun bir daha nümayiş etdirilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını bildirib.
Deputatın sözlərinə görə, Prezidentin çıxışı Azərbaycanın əldə etdiyi nailiyyətlərin və gələcək planlarının dünya ictimaiyyətinə çatdırılması üçün mühüm platformadır: “Bu müsahibə həm dünya ictimaiyyətinə bir mesaj idi, həm də Azərbaycanın əldə etdiyi iqtisadi, siyasi, hərbi, mədəni və diplomatik səviyyədəki nailiyyətlərini, bu proseslərdəki iştirakını bir daha təsdiq edən bir çıxış idi. Eyni zamanda, gələcəkdə atılacaq addımların iqtisadi və siyasi istiqamətlərdə hansı nəticələr verəcəyi məsələlərinə də toxunulub.”
Arzu Nağıyev qeyd edib ki, müsahibədə xüsusi diqqət çəkən məqamlardan biri Azərbaycan ilə Türkiyə arasındakı münasibətlər idi: “Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Türkiyə ilə bütün sahələrdə əməkdaşlıq edib. İlk müstəqillik illərindən başlayaraq, artıq otuz ildən çoxdur ki, Türkiyə Azərbaycan ordusunun müasirləşməsində, döyüş qabiliyyətinin artırılmasında və taktiki planların hazırlanmasında çox ciddi rol oynayıb. Şuşa Bəyannaməsinə əsasən, hər hansı təhlükə və ya təcavüz zamanı qarşılıqlı yardım məsələləri də Prezidentin çıxışında geniş şəkildə vurğulandı.”
Deputat həmçinin Prezident İlham Əliyevin hərbi təlimlər barədə fikirlərinə toxunub: “Prezident Azərbaycan ilə Türkiyə arasında keçirilən hərbi təlimlərin əhəmiyyətini xüsusi qeyd etdi. Bu təlimlər həm Azərbaycanda, həm də Türkiyədə ən yüksək səviyyədə təşkil olunur. İki ölkə arasında bu əməkdaşlıq regionda təhlükəsizliyin təmin olunmasına böyük töhfə verir.”
Nağıyev Prezidentin qardaş Türkiyə ilə münasibətlərə xüsusi önəm verdiyini də vurğulayıb: “Türkiyədə baş verən zəlzələlər zamanı Azərbaycanın ilk yardım göstərən ölkə olması iki ölkə arasındakı qardaşlıq münasibətlərinin bariz nümunəsidir. Bu əlaqələr təkcə hərbi sahədə deyil, bütün istiqamətlərdə qarşılıqlı dəstək və müttəfiqliyin göstəricisidir.”
Sonda deputat Azərbaycanın həm Rusiya ilə, həm də NATO üzvü olan Türkiyə ilə müttəfiqliyini beynəlxalq münasibətlərdə balanslaşdırılmış siyasətin uğurlu nəticəsi kimi qiymətləndirib. O bildirib ki, Azərbaycan ordusunun dünyanın ən güclü 50 ordusu sırasında yer alması Ali Baş Komandanın apardığı islahatların bariz nümunəsidir.
Maral Şahverdili
11:18 19.12.2024
Oxunuş sayı: 9520