Ermənistan silahlanır – İlham Əliyev sərt danışdı
Azərbaycan Prezidenti İlham Əliyev "Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibə verib. Müsahibə zamanı Prezident, regionda sülh və təhlükəsizlik üçün aktual olan bir sıra məsələlərə toxunub, eləcə də Azərbaycanın dünya siyasətində mühüm aktor kimi rol oynadığını vurğulayıb.
İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makronun Ermənistanı silahlandırmasını Azərbaycana qarşı real təhlükə kimi qiymətləndirib. Nəzərə almaq lazımdır ki, Qarabağ müharibəsinin bitməsindən dörd ildən çox vaxt keçməsinə baxmayaraq, Azərbaycanın sülh çağırışları cavabsız qalır. Ermənistanın və onun havadarlarının bu kimi addımları bölgədə sabitliyə xələl gətirir.
Müsahibə zamanı Prezident Azərbaycan və Rusiya arasında iqtisadi-siyasi əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini və iki ölkə arasında əməkdaşlıq üçün yeni istiqamətlərin fəal şəkildə araşdırıldığını xüsusi vurğulayıb.
Eyni zamanda, İlham Əliyev qərbi azərbaycanlıların öz tarixi torpaqlarına qayıtmaq hüququ məsələsinə də toxunub. Prezident bildirib ki, bu məsələ ilə bağlı hələ də Ermənistandan konkret cavab alınmayıb. O, beynəlxalq hüququn bu hüququ təsdiq etdiyini və Azərbaycanın bu mövzuda prinsipial mövqe sərgilədiyini qeyd edib.
Deputat Vüqar Rəhimzadə prezident İlham Əliyevin müsahibəsində səsləndirdiyi önəmli fikirlərlə bağlı şərhini Crossmedia.az saytı ilə bölüşüb: "Dövlət başçısı İlham Əliyevin hər bir müsahibəsi ölkədə və dünyada baş verən hadisələr, onlara Azərbaycan dövlətinin münasibəti barədə məlumatların daha dolğun şəkildə əldə olunmasında zəngin mənbədir. Bu baxımdan Prezident İlham Əliyevin dekabrın 17-də Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti və Rusiyanın “RİA Novosti” Agentliyi üçün “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, “Rossiya-1” televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova müsahibəsi də xüsusi əhəmiyyət kəsb edir. Həmin müsahibədə Prezident İlham Əliyev hazırkı dövrün reallıqları fonunda diqqəti tarixi Zəfərimizdən sonra regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi, Ermənistanla münasibətlərdə yeni səhifənin açılması üçün təklif edilən sülh müqaviləsinin imzalanması ilə bağlı hazırkı vəziyyətdən, Azərbaycanın müstəqil xarici siyasətindən, Ermənistanın silahlandırılması ilə sülh müqaviləsinin imzalanması prosesinin yanaşı qoyulmasının mümkünsüzlüyündən, Azərbaycan-Rusiya münasibətlərinin Müttəfiqlik Bəyannaməsinin imzalanmasından sonrakı dövrdə inkişafından, Qarabağın və Şərqi Zəngəzurun bərpasından, bu prosesdə Rusiya şirkətlərinin iştirakından və sair kimi mühüm məsələlərdən geniş bəhs etdi. Bu fikri xüsusi qeyd etdi ki, Azərbaycan xarici siyasətinin xüsusiyyətlərinə görə istər Qərbdə, istərsə də Şərqdə müstəqil xarici siyasət yürüdən, tamamilə müstəqil aktor kimi qəbul edilir. Azərbaycan, eyni zamanda, həm Rusiyanın, həm də NATO üzvü Türkiyənin müttəfiqi olan yeganə ölkədir. Dünyada ikinci belə ölkə yoxdur. O da qeyd edildi ki, bu gün Rusiya və Azərbaycan iki etibarlı tərəfdaşdır. Buna nə Azərbaycanda, nə də Rusiyada heç bir şübhə yoxdur. Ölkələrimiz üçün çətin vaxtlarda Azərbaycan və Rusiya həmişə həm vəziyyətin dərk olunmasını nümayiş etdirib, həm də özünü dostcasına aparıb. Dövlətimizin başçısı İlham Əliyev müsahibəsində 2022-ci ildə Azərbaycan-Rusiya Müttəfiqlik Bəyannaməsinin, 2021-ci ildə isə Azərbaycanla Türkiyə arasında Müttəfiqlik sənədinin imzalandığını xatırlatdı".
Daha sonra deputat qeyd edib: "Prezident İlham Əliyevin müsahibəsində xüsusi diqqət yetirilən məsələlərdən biri sülh müqaviləsinin imzalanması üçün mühüm şəraitin mövcud olduğu bir zamanda Ermənistanın Fransa, Hindistan və ABŞ tərəfindən silahlandırılması oldu. Azərbaycan dövlətinin başçısı bildirdi ki, Makron hökumətinin Ermənistana tədarük etdiyi silahlar hücum silahlarıdır, öldürücüdür. Bu silahlar Azərbaycan üçün praktiki təhlükə yaradır. Bu prosesi yalnız kənardan müşahidə edə bilmərik. Dəfələrlə Azərbaycan Ermənistana və onun ABŞ Dövlət Departamentindəki himayədarlarına buna son qoymağı çatdırıb. Amma təəssüf ki, səsimiz eşidilmir. Ermənistanın silahlanması prosesi sıçrayışla gedir.
Təbii ki, Azərbaycan adekvat tədbirlər görməyə məcburdur. Tarixi Zəfərimizə, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsinə baxmayaraq, dövlətimizin başçısı İlham Əliyev qarşıda dayanan hədəflərdən bəhs edərkən daim hərbi qüdrətimizin artırılmasının vacibliyini xüsusi qeyd edir. Dövlət büdcəsindən ayırmalarda müdafiə xərclərində nəzərəçarpan artım da bunun bariz nümunəsidir. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdən sonra bu çağırış xüsusi qeyd edildi ki, Ermənistanda revanşist qüvvələrin baş qaldıracağı istisna deyil. Buna hər zaman hazır olmalıyıq".
Vüqar Rəhimzadə həmçinin İlham Əliyevin müsahibədə qeyd etdiyi ordu islahatlarına və onun büdcəsinə də fikir bildirib: "Ötən ilin sentyabr ayında bir günlük lokal antiterror tədbirlərinə qədər Ermənistanın törətdiyi hərbi təxribatlar, 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərini yerinə yetirməkdən yayınması bu məsələnin aktuallığını bir daha sübut edir. Ermənistanın bütün bu cəhdləri sonda Azərbaycan Ordusunun lokal antiterror tədbirlərini həyata keçirməsini qaçılmaz etdi. Azərbaycan Silahlı Qüvvələri növbəti dəfə gücünü, qüdrətini nümayiş etdirdi, yeni Zəfərə imza atdı. Ordu quruculuğu istiqamətində addımların davamlılığı yeni dövrün hədəfləri sırasında da xüsusi yer tutur. Bu günlərdə Milli Məclisdə qəbul olunan 2025-ci ilin dövlət büdcəsindən ayırmalarda da müdafiə xərclərinin artırılması diqqətdən kənarda qalmır. Dövlətimizin başçısı İlham Əliyev müsahibəsində bu məqama xüsusi diqqət yönəldərək bildirdi ki, 2025-ci ildə növbəti hərbi büdcəmiz rekord büdcə olacaq. Bu, təxminən beş milyard dollardır. Bu məbləğin ən azı 60 faizini xərcləməyə məcburuq. Təhdidlər olmasaydı, xərcləməzdik. Qarabağın bərpasına, sosial ödənişlərə və sair üçün istifadə edərdik. Lakin biz bunu etməyə məcburuq və edəcəyik. Məncə, bu, fəlakətə aparan yoldur. Birincisi, Ermənistan silahların əksəriyyətini Qərbdən pulsuz və ya kreditlə almasına, onların təbii ki, silinəcəyinə baxmayaraq, bizimlə silah yarışında tab gətirməyəcək. Hətta bu halda da bizimlə silah yarışında tab gətirməyəcəklər. Prezident İlham Əliyev bu çağırışı da etdi ki, həm danışıqlar prosesi, həm də Ermənistanla Azərbaycan arasında işləyən delimitasiya komissiyası çərçivəsində və erməni sponsorlara, şərti olaraq Vaşinqtondakı sorosçulara bunu dayandırmaq lazım olduğunu çatdırırıq və çatdırmağa davam edəcəyik. Bu, belə davam edərsə, sonradan bizə qarşı heç bir irad tutulmasın".
Prezident İlham Əliyevin fikirləri Azərbaycanın bölgədə və dünyada sabitlik və sülh naminə göstərdiyi səylərin əhəmiyyətini bir daha təsdiqləyir. Bu açıqlamalar həm Azərbaycanın mövqeyini beynəlxalq ictimaiyyətə çatdırmaq, həm də ölkənin milli maraqlarını qorumaq baxımından mühüm əhəmiyyət daşıyır.
Ayhan Ağarzayev
04:43 19.12.2024
Oxunuş sayı: 6244