CROSSMEDIA - Qərb mediasının qərəzi – Azərbaycan təzyiqlərə boyun əyməyəcək 
Gündəm

Qərb mediasının qərəzi – Azərbaycan təzyiqlərə boyun əyməyəcək 

Qərb mediasının Azərbaycanla bağlı qərəzli mövqeyi uzun illərdir davam edən bir tendensiya çevrilib. Bu tendensiya xüsusilə ölkənin müstəqil siyasət yürütməsi və milli maraqlarını qətiyyətlə müdafiə etməsi fonunda ötən hər gün daha da artmaqdadır. Prezident İlham Əliyevin "Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova verdiyi müsahibədə qeyd etdiyi kimi, “Washington Post”, “New York Times”, “Figaro” və “Le Monde” kimi Qərb media orqanları yalnız qərəzli deyil, həm də açıq şəkildə Azərbaycana qarşı sistemli kampaniyalar aparır. Bu kampaniyalar müxtəlif beynəlxalq qeyri-hökumət təşkilatları və ABŞ Dövlət Departamentinin birgə koordinasiyası ilə həyata keçirilir. Bu media orqanlarının Azərbaycana qarşı qərəzli kampaniya aparmaqda məqsədi nədir? Onların hədəfində niyə məhz Azərbaycan dayanır?

Mövzu ilə bağlı deputat Hikmət Babaoğlu Crossmedia.az saytına açıqlama verib: "Əslində, Azərbaycan Prezidenti Rusiya kanalına verdiyi müsahibədə qərəzli informasiya yayan xəbər agentliklərinin adını çəkmədən Azərbaycana qarşı aparılan informasiya müharibəsinə diqqət çəkib. Çünki bu gün müharibələr hibrid vasitələrlə aparılır. Milli dövlətlərin maraqlarına təzyiq göstərmək üçün media vasitələrindən çox aktiv şəkildə istifadə olunur. Biz tarixi zəfərimizdən sonra dünya mediasını izləsək, görəcəyik ki, Azərbaycana qarşı anti-təbliğatda “New York Times”, “Figaro” və “Le Monde” ön plana çıxır. Şübhəsiz ki, bu cür media orqanları bəzən müstəqil media kimi təqdim olunsalar da, biz bilirik ki, bu media fəaliyyət göstərdikləri ölkənin imperialist maraqlarından çıxış edir".

Deputat bu media qurumlarının niyə məhz Azərbaycanı hədəf almasından da danışıb: "Bu cür media strukturlarının Azərbaycana qarşı informasiya müharibələrinə qoşulmasının yeganə səbəbi ondan ibarətdir ki, Azərbaycan imperialist mərkəzlərin iradəsinə uyğun olmayaraq ərazi bütövlüyünü bərpa edib, müstəqil siyasət həyata keçirir və heç kəsin təzyiqinə boyun əymir. Bu isə imperialist mərkəzlərin xoşuna gəlmir".

Ayhan Ağarzayev

04:23 19.12.2024

Oxunuş sayı: 8284

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR