Ukraynanın Aİ üzvlüyü ətrafında qalmaqal böyüyür
Ukraynanın Avropa İttifaqına üzvlük prosesi ətrafında Kiyev və Brüssel arasında gərginliyin artdığı bildirilir.
Crossmedia.az xəbər verir ki, "Politico" nəşrinin diplomatlar və Aİ rəsmilərinə istinadən yaydığı məlumata görə, Ukraynanın Aİ-yə sürətli inteqrasiya cəhdləri gələn həftəyə planlaşdırılan üzvlük danışıqları öncəsi bir sıra Avropa paytaxtlarında narahatlıq yaradıb.
Məlumata əsasən, Brüssel Kiyevdə həyata keçirilən islahatların tempindən narazıdır. Ukrayna tərəfi isə siyasi səbəblər, xüsusilə Fransada 2027-ci ildə keçiriləcək prezident seçkiləri fonunda Aİ-yə üzvlük ərizəsinin təxirə salına biləcəyindən ehtiyat edir.
Nəşr qeyd edir ki, Kiyev yayın sonuna qədər yalnız bir deyil, bir neçə danışıqlar klasterinin açılmasına çalışdığı üçün tərəflər arasında gərginlik daha da artır.
Bundan əvvəl Brüsseldəki mənbələr genişlənmə üzrə hökumətlərarası konfrans çərçivəsində Ukrayna və Moldova ilə danışıqların 15 iyunda Lüksemburqda başlayacağını bildirmişdi.
14:12 09.06.2026
Oxunuş sayı: 58