Bələdiyyə seçkilərinə hazırlıq nə yerdədir?
Azərbaycanda bələdiyyə seçkilərinə hazırlıq prosesi davam edir. Ölkə üzrə bələdiyyələrin sayı azaldılaraq 685-ə düşsə də, seçkilərə maraq artır. Namizədliklərin irəli sürülməsi mərhələsində üç minə yaxın şəxs iştirak edir, xüsusilə gənclər və qadınların aktivliyi diqqət çəkir.
Bələdiyyə məsələləri üzrə ekspert Fərman Salmanlı Crossmedia.az-a açıqlamasında hazırkı vəziyyətə və əvvəlki seçkilərlə müqayisədə fərqlərə toxunub.
Fərman Salmanlı bildirib ki, bələdiyyə seçkiləri Azərbaycan Respublikasının Konstitusiyası, Seçki Məcəlləsi və Təqvim Planına uyğun olaraq həyata keçirilir. Hazırda bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi və qeydiyyata alınma mərhələsi davam edir. Namizədlik irəli sürmək hüququ vətəndaşların özlərinə, seçicilərin təşəbbüs qruplarına, siyasi partiyalara və onların bloklarına məxsusdur. Müraciət edən şəxslərin sənədləri Dairə Seçki Komissiyasında 5 iş günü ərzində nəzərdən keçirilir, təsdiq üçün imza vərəqələri təqdim olunur. Namizədlər sənədləri ən gec 2024-cü il dekabrın 30-da saat 18:00-dək müvafiq seçki komissiyasına təqdim etməlidirlər.
Ekspertin sözlərinə görə, proses ümumilikdə normal qaydada davam edir. Hazırda 685 bələdiyyə üzrə 6218 nəfər namizədliyini irəli sürüb. Növbəti mərhələ isə namizədlərin qeydiyyata alınmasıdır. Seçki qanunvericiliyinə əsasən, qeydiyyatdan keçmiş siyasi partiyalar və bloklar üçün İctimai Televiziya və Radio Yayımları Şirkəti, həmçinin bir sıra qəzetlərdə ödənişsiz efir vaxtı və dərc üçün imkanlar yaradılıb. Lakin bitərəf namizədlər üçün bu şəraitin olmaması sağlam rəqabətə təsir göstərir. Fərman Salmanlı hesab edir ki, bütün namizədlər üçün bərabər şərait yaradılmalıdır.
Əvvəlki illərlə müqayisə aparan ekspert ilk əsas fərqin bələdiyyələrin sayında olduğunu vurğulayıb. Belə ki, 2019-cu ildə keçirilən seçkilərdə təxminən 1606 bələdiyyə fəaliyyət göstərirdisə, hazırda onların sayı birləşmə nəticəsində 685-ə enib. Eyni zamanda, bu seçkilərdə gənclər və qadınların aktivliyi əvvəlki illərə nisbətən daha çox müşahidə olunur.
Fərman Salmanlı qeyd edib ki, seçki prosesində atılan bu addımlar ümumi hazırlığın yüksək səviyyədə davam etdiyini göstərir.
Nihat Tahirov
12:23 18.12.2024
Oxunuş sayı: 6760