CROSSMEDIA - Suriyada xalq aclıq qarşısında - Azərbaycan da yardım edəcək
Gündəm

Suriyada xalq aclıq qarşısında - Azərbaycan da yardım edəcək

Azərbaycan Prezidenti İlham Əliyev Suriya xalqının üzləşdiyi humanitar problemlərlə bağlı vəziyyətə münasibət bildirərək, bu çətinliklərin aradan qaldırılması istiqamətində dəstək göstərməyə hazır olduğunu bəyan edib. Dövlət başçısının bu mövqeyi Azərbaycan Respublikasının beynəlxalq humanitar missiyalara verdiyi önəmin və dost xalqlarla həmrəyliyinin növbəti nümunəsi kimi qiymətləndirilir.

Mövzu ilə bağlı millət vəkili Könül Nurullayeva Crossmedia.az-a açıqlama verib: “Suriyada hakimiyyət çevrilişi ilə əlaqədar humanitar böhran hökm sürür. Əslində, bu, gözlənilən idi. Məsələ burasındadır ki, Suriyada vətəndaş müharibəsi nəticəsində 600 mindən çox insan həyatını itirib. 6,5 milyon suriyalı isə məcburi köçkün vəziyyətindədir. Ekspertlər də bildirir ki, yeni hökumət müflisləşmiş iqtisadiyyatla üzləşəcək. 2,8 milyon insanı ərzaqla təmin etmək üçün 250 milyon dollara ehtiyac var.

Azərbaycan da ilk gündən öz humanist mövqeyini bəyan edib. Belə ki, Prezident İlham Əliyevin dekabrın 10-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon zəngi zamanı humanitar yardım məsələsi gündəmə gəldi. Dövlət başçımız da bəyan etdi ki, Azərbaycan qardaş Türkiyə ilə birlikdə Suriya xalqının üzləşdiyi humanitar problemlərin aradan qaldırılmasına dəstək verməyə hazırdır. Rəsmi Ankara da bu sahədə Bakı ilə birgə fəaliyyətdən məmnunluğunu ifadə edib”.

Könül Nurullayeva bildirib ki, “Humanitar yardımın hansı formada olması ilə bağlı hələlik rəsmi məlumat yoxdur. Amma təcrübəyə nəzər salsaq, Azərbaycan bir çox humanitar fəlakət bölgələrinə yardımlar göndərib, dəstək və xeyriyyə aksiyalarında təmənnasız şəkildə fəal iştirak edib. Yəni qarşı tərəfin ehtiyaclarına uyğun olaraq Azərbaycan qardaş Türkiyə ilə bu istiqamətdə birgə addım atacaq. Ümid edirəm ki, göstərilən yardımlar Suriya xalqının böhran vəziyyətindən çıxmasına töhfə verəcək”.

Fidan Hacızadə

04:58 18.12.2024

Oxunuş sayı: 7558

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR