Sosial Xidmətlər Agentliyi daha bir ali təhsil ocağı ilə əməkdaşlığa başlayıb
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi ilə Bakı Biznes Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb.
Agentliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən bildirilib ki, imzalanma mərasimində Bakı Biznes Universitetinin rektoru, professor İbad Abbasov tədris edilən ixtisaslar, həyata keçirilən yeniliklər və beynəlxalq layihələr barədə məlumat verib, təhsil ocağının ixtisaslı kadrların yetişdirilməsi istiqamətində fəaliyyəti, “Sosial iş” ixtisası üzrə mütəxəssislərin hazırlanması üçün bu sahədə fəaliyyət göstərən qurumlarla birgə əməkdaşlığın əhəmiyyətindən danışıb.
Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov həssas əhali qruplarına göstərilən səyyar, stasionar və yarımstasionar sosial xidmətlər barədə məlumat verərək diqqətə çatdırıb ki, bu məqsədlə sosial xidmətlər üzrə mütəxəssis hazırlığı həyata keçirən ali təhsil müəssisələri ilə əməkdaşlıq edilir, ixtisaslaşmış gənc kadrların işə cəlbinə xüsusi əhəmiyyət verilir.
Memoranduma əsasən tərəflər növbəti 5 il ərzində Bakı Biznes Universitetinin “Sosial iş” ixtisasının bakalavriat və magistratura səviyyələrində təhsil alan tələbələri üçün müvafiq təlimlərin, istehsalat və elmi-tədqiqat təcrübəsinin təşkili, birgə sosial layihələrin işlənib hazırlanması və həyata keçirilməsi, həmçinin digər mühüm sahələrdə əməkdaşlıq edəcəklər.
01:11 18.12.2024
Oxunuş sayı: 5082