Səfir sərhəddə gəldi - Azərbaycana təyziq göstərmə cəhdi
Niderlandın Ermənistandakı səfiri Marike Monro Vinter Avropa Birliyinin Ermənistandakı müşahidə missiyasının ofisini ziyarət edib. AB missiyasının rəsmi açıqlamasında bildirilib ki, səfirə missiyanın fəaliyyəti haqqında ətraflı məlumat verilib, o, həmçinin Niderlanddan olan əməkdaşlarla görüşüb və Xaçik kəndi ərazisində patrul xidmətində iştirak edib. Qeyd edilib ki, hazırda missiyada 7 niderlandlı ekspert fəaliyyət göstərir. Səfər Avropa Birliyi missiyasının Ermənistanda sülh və təhlükəsizlik istiqamətində gördüyü işlərə dəstək məqsədi daşıyır.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Ceyhun Məmmədov Crossmedia.az-a açıqlamasında bu cür səfərlərin Azərbaycanda narahatlıqla qarşılandığını vurğulayıb. Deputat qeyd edib ki, artıq dəfələrlə müxtəlif Avropa ölkələrinin nümayəndələrinin Azərbaycan-Ermənistan sərhədinə səfər etdiyinin şahidi oluruq:
“Avropa İttifaqına aid bir sıra ölkələrin nümayəndələri ardıcıl olaraq Azərbaycan-Ermənistan sərhədinə səfər edir və oradan müxtəlif siyasi mesajlar verməyə çalışırlar. Təəssüf ki, bu prosesə bəzən bitərəf olması gözlənilən ölkələrin rəhbərlərinin də qoşulduğunu görürük. Ən çox sərhədə səfər edənlər arasında Fransa diplomatları xüsusi yer tutur və bu artıq uzun müddətdir davam edir. Bu isə dəfələrlə qeyd olunduğu kimi, qəbulolunmaz bir məsələdir”.
Deputat əlavə edib ki, bu davranışlar regiondakı vəziyyəti daha da gərginləşdirir və sülhün təmin olunmasına heç bir müsbət təsir göstərmir:
“Onlar düşünürlər ki, bu yolla Azərbaycana təzyiq göstərə bilərlər və bölgədə öz maraqlarını təmin edə bilərlər. Bu, mümkün olan bir məsələ deyil və heç vaxt Azərbaycan tərəfindən qəbul edilmir. Belə davranışlar yalnız mənfi təsir göstərir və münasibətləri daha da kəskinləşdirir".
Ceyhun Məmmədov vurğulayıb ki, bu ölkələrin məqsədi guya Azərbaycanın Ermənistan ərazisində iddialı olduğunu göstərməkdir. Lakin bu iddialar əsassızdır:
“Əslində bu, yalnız böhtandır və başqa bir məqsəd güdülmür. Ona görə də hər kəs öz addımlarına görə məsuliyyət daşımalıdır. Bu cür təxribat xarakterli hərəkətlərə son qoyulmalıdır. Belə davranışlar heç kimə fayda gətirmir, əksinə, vəziyyəti daha da mürəkkəbləşdirir”.
Beləliklə, Azərbaycan tərəfi bir daha bu kimi təxribatların dayandırılmasının vacibliyini vurğulayır.
Maral Şahverdili
11:22 17.12.2024
Oxunuş sayı: 5794