Azərbaycan və Özbəkistan münasibətləri qardaşlıq səviyyəsinə yüksəlib - Prorektor
Özbəkistan və Azərbaycan münasibətləri ortaq tarix, təhsil və gələcəyə uzanan strateji əməkdaşlıqlarla örnəkdir.
Bu barədə Crossmedia.az-a açıqlamasında Ingla International ETC-nin təşkilatçılığı ilə keçirilən Özbəkistan Ali Təhsil Müəssələrinin Üçüncü sərgisinin iştirakçıları ilə keçirilən görüş zamanı Jurnalistika və Kütləvi Telekommunikasiya Universitetinin prorektoru Rövşən Rayimjanov bildirib.
O, iki qardaş ölkənin tarixinin, dininin, mədəniyyətinin, ortaq köklərimizin bizi bir-birimizə daha da yaxınlaşdırdığını qeyd edib:
"Bu gün Özbəkistan və Azərbaycan arasında münasibətlər təkcə dostluq deyil, həm də qardaşlıq səviyyəsinə yüksəlib. Türk dünyasının ayrılmaz hissəsi olan hər iki ölkə siyasi, iqtisadi, təhsil, mədəniyyət, incəsənət və idman sahələrində əməkdaşlığı ildən-ilə daha da gücləndirir. Bu isə Türk dövlətləri arasında birliyin və qarşılıqlı etimadın möhkəmləndiyini göstərir.
Bu münasibətlərin inkişafında dövlət başçılarının qarşılıqlı hörmət və səmimi münasibətləri mühüm rol oynayır. İlham Əliyev və Şavkat Mirziyoyev arasında formalaşan yüksək səviyyəli əlaqələr iki ölkənin strateji tərəfdaşlığını daha da möhkəmləndirir.
Xüsusilə, son aylarda baş tutan görüşlər bu əməkdaşlığın tarixi əhəmiyyətini bir daha nümayiş etdirdi. Türk Dövlətləri Təşkilatının Türküstan şəhərində keçirilən qeyri-rəsmi Zirvə görüşü, eləcə də mayın 22-də Bakı şəhərində urbanizasiya mövzusuna həsr olunmuş tədbirdə prezidentlərin səsləndirdiyi fikirlər ortaq baxışların göstəricisi oldu.
Hər iki ölkənin rəhbərliyinin əsas prioritetlərindən biri təhsildir. Çünki tərəqqinin və inkişafın əsas yolu elm və təhsildən keçir. Cədidçi maarifçilərin “elmsiz nicat yoxdur” fikri bu gün də aktuallığını qoruyur. Məhz buna görə də Azərbaycan ilə Özbəkistan arasında təhsil sahəsində əməkdaşlıq xüsusi diqqət mərkəzindədir".
Prorektor həmçinin keçirilən sərginin də əlaqələrə yüksək tövhə verdiyini bildirib:
"Bu istiqamətdə Ingla International ETC tərəfindən Bakı şəhərində təşkil olunan Özbəkistan Ali Təhsil Müəssələrinin III Sərgisi mühüm platformalardan biri kimi qiymətləndirilir.
Sərgidə Özbəkistan Jurnalistika və Kütləvi Kommunikasiyalar Universiteti də iştirak edib. Universitet nümayəndələrinin sözlərinə görə, azərbaycanlı tələbələrin Özbəkistanda təhsil almağa marağı son illər əhəmiyyətli dərəcədə artıb.
Belə ki, ötən il universitetə 7 azərbaycanlı tələbə qəbul olunmuşdusa, bu il həmin rəqəm artıq 50 nəfərə yaxınlaşıb. Bu da gənclərin qardaş ölkələrin ali təhsil müəssisələrinə artan marağını açıq şəkildə nümayiş etdirir.
Bu gün həm özbək tələbələrinin Azərbaycanda, həm də azərbaycanlı gənclərin Özbəkistanda təhsil alması Türk dünyasında elm, mədəniyyət və insan əlaqələrinin daha da dərinləşməsinə xidmət edir.
Bütün bunlar isə gələcəkdə daha güclü, daha inteqrasiya olunmuş Türk dünyasının formalaşmasına mühüm töhfə verir".
Elmir Heydərli
14:00 26.05.2026
Oxunuş sayı: 69